Bu gün Venesuelada prezident seçkiləri keçirilir

Bu gün Venesuelada prezident seçkiləri keçirilir
# 07 oktyabr 2012 04:51 (UTC +04:00)
Bakı-APA. Bu gün Venesuelada prezident seçkiləri keçiriləcək. Seçicilər növbəti 6 il müddətinə ölkəni idarə edəcək şəxsin adını müəyyənləşdirməlidirlər.

Seçkilərdə 7 namizəd iştirak edir. Müşahidəçilərin fikrincə, onlardan ikisinin hazırkı prezident Uqo Çaves və müxalifətin vahid namizədi Enrike Kaprilesin şansları daha çoxdur.

1999-cu ildən Venesuela prezidenti olan 58 yaşlı Çaves üçüncü dəfə ölkə başçısı olmaq niyyətindədir. 40 yaşlı Kaprilesin atası sefard yəhudisi, anası isə polyak və rus mənşəlidir.

İxtisasca iqtisadçı olan, amma vəkil işləyən Kapriles qalib gələrsə, liberal islahatlar keçirmək niyyətindədir. Çaves isə ölkəni «sosializmə» doğru aparmaqda davam edəcəyini bildirib.

Son dövrlərdə ilk dəfə olaraq, namizədlərin heç biri sorğularda həlledici üstünlüyü əldə etməyib. Bununla belə, Uqo Çaves seçkidə 70% səs toplayacağını və Kaprilesə «nokaut»la qalib gələcəyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR