Müsavat Məclisinin toplantısı keçirilib

Müsavat Məclisinin toplantısı keçirilib
# 24 iyun 2012 16:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İyunun 24-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. APA-nın məlumatına görə, partiya üzvləri iclasdan əvvəl Əbülfəz Elçibəyin doğum günü ilə əlaqədar Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Məclisin toplantısında prezidentin sonuncu əfv fərmanı ilə həbsdən azad edilən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Gənclər Təşkilatının sədri Tural Abbaslı və digərləri də iştirak edib.

İclasda öncə uzun sürən xəstəlikdən sonra iyunun 22-də vəfat etmiş tanınmış vəkil, partiyanın Məclis üzvü İsaxan Aşurovun xatirəsi yad edilib. Məclis sədri Arzu Səmədbəyli məlumat verib ki, İ. Aşurovun nəşi yaxın 2 gün ərzində ABŞ-dan gətiriləcək və iyunun 27-də doğulduğu Borçalı mahalının Faxralı kəndində dəfn olunacaq.

Sonra yığıncağın gündəliyi təsdiq olunub. Yığıncaqda Nərimanov, Lerik, Tərtər rayon təşkilatlarının hesabat-seçki konfransının protokolu və yeni seçilən sədrləri təsdiq olunub.

Bunun ardınca Ə. Elçibəyin dostu Rafiq İsmayıl mərhum prezidentin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. O deyib ki, Ə. Elçibəy mübarizəyə Müsavat ideologiyası ilə başlayıb. İclasda 2013-cü ildə Ə. Elçibəyin 75 illiyinin keçirilməsi ilə bağlı 6 bəndlik qərar layihəsi qəbul olunub. Qərarın icrası isə Divana tövsiyə edilib.

Daha sonra partiyanın XI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin hesabatı dinlənilib. Bu barədə məlumat verən partiya başqanının müavini Gülağa Aslanlı bildirib ki, 66 rayon təşkilatında konfrans keçirilib və qurultay nümayəndələrinin sayı 600 nəfəri keçib. 18 rayon təşkilatında isə hesabat-seçki konfransı keçirilməyib. O, partiyanın qurultay keçirməyə hazır olduğunu da deyib: “Biz qurultayın Azərbaycanda keçirilməsini istərdik. Lakin bu hökumətin atacağı addımdan asılıdır. Bizə yer veriləndən bir ay sonra qurultayı keçirə biləcəyik”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın fəaliyyəti, qarşıda duran məsələlərlə bağlı məruzə edib. İ. Qəmbər deyib ki, həbsdə olan partiya üzvlərinin azadlığa buraxılması təsadüfü deyil, bu, dünya miqyasında və Azərbaycanda dəyişikliklərin zəruri və labüd olduğunu bildirən gerçəklikdir.

İ. Qəmbər “Talışo sədo” qəzetinin redaktoru Hilal Məmmədovun həbsində də münasibət bildirib, onun hüquqlarını sonadək müdafiə edəcəklərini deyib. O, partiyanın qurultayının keçirilməsi məsələsində yaranan vəziyyət haqda da danışıb.

İclasda yenicə həbsdən çıxan partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli də çıxış ediblər. Onlar partiyanın hakimiyyətə gəlmək üçün yeni mübarizə metodlarından istifadə edilməsinin zəruriliyini vurğulayıblar.

Sonda cari məsələlər müzakirə edilib və həbsdə olan digər İctimai Palata üzvlərinin azadlığa buraxılması tələbi ilə bəyanatın qəbul edilməsinə dair razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR