Mətbuat Şurası Xədicə İsmayılova ilə bağlı olayı müzakirə edib

Mətbuat Şurası Xədicə İsmayılova ilə bağlı olayı müzakirə edib
# 16 mart 2012 16:14 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, əvvəlcə şuranın “apellyasiya qrupu”nun təqdim etdiyi təkliflər müzakirə olunub. Qrupun sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, adları şuranın “reket” nəşrlər üçün müəyyənləşdirdiyi “qara siyahı”ya salınmış 20-dək qəzetin baş redaktoru həmin kütləvi informasiya vasitələrinin oradan çıxarılması üçün quruma müraciət edib. “Apellyasiya qrupu” müraciətləri araşdıraraq bu qənaətə gəlib ki, onlardan 3-ü barədə belə ölçü götürülməsinə əsaslar mövcuddur, digərlərinin isə monitorinqinin davamına zərurət duyulur.

İdarə Heyəti üzvləri qərara alıblar ki, “Söz azadlığı” və “Qanun alidir” qəzetlərinin adlarının “qara siyahı”dan çıxarılması üçün əsaslar var. “Dəryaz” qəzeti barədə də müvafiq qərar qəbul oluna bilər. Lakin bu, şərti mahiyyət daşıyacaq. Şura katibliyi həmin mətbu nəşrlə bağlı üç aylıq monitorinq aparacaq, yekunu barədə İdarə Heyətini məlumatlandıracaq. Yeni müzakirələr qərarın qüvvəyə minməsi üçün nə dərəcədə əsasların olmasına aydınlıq gətirəcək.

İclasda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə bağlı olay da müzakirə olunub. İH üzvləri baş vermiş hadisəni pisləyiblər. Qərara alınıb ki, məsələdə günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin gedişini izləmək üçün müvafiq qurumlarla təmaslar gücləndirilsin.

Sonda MŞ sıralarına qəbul keçirilib. “Xocalının səsi” qəzetinin və “Royal” jurnalının MŞ sıralarına qəbulu barədə qərar çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR