Əliqismət Lalayev: “Biz istedadlarını nümayiş etdirməyə gələn hər kəsə meydan veririk”

Əliqismət Lalayev: “Biz istedadlarını nümayiş etdirməyə gələn hər kəsə meydan veririk”
# 17 sentyabr 2012 10:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Musiqili Komediya Teatrı "Qızıl toy" tamaşasını səhnələşdirəcək. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin APA-ya bildirib ki, tamaşanın əsas qəhrəmanlarını əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, Əkbər Əlizadə, Çingiz Əhmədov və başqaları canlandıracaq. Rus bölməsi isə Jan Batist Molyerin "Skapenin kələkləri"ni tamaşaçıların mühakiməsinə verəcək. Rejissor, əməkdar incəsənət xadimi Əsgər Əsgərov tamaşada əsas rollardan birini ifa etmək üçün Rus Dram Teatrından xalq artisti Səfa Mirzəhəsənovu dəvət edib. Bu əməkdaşlığın uğurlu olacağını söyləyən teatr rəhbəri, teatrın gənc və istedadlı rejissoru Elvin Mirzəyevin də yeni bir layihə üzərində işlədiyini diqqətə çatdırıb: “Uşaq studiyasında da maraqlı işlər gözlənilir. Əminəm ki, bu mövsümdə bizim teatrımıza gələn sənətsevərlər darıxmayacaq, hər kəs yaşına və zövqünə uyğun olan tamaşaya baxa biləcək. Bu il də kollektiv yeni mövsümü öz əsas binasında deyil, Dənizçilərin Mədəniyyət Evində qarşılayacaq”.

Ə. Lalayevin sözlərinə görə, əgər teatrda müasir dünya teatrının tələbləri ilə ayaqlaşan, bəzən öz düşüncə tərzi ilə heç kəsə bənzəməyən, heç kəsi təqlid etməyən rejissor, rəssam, aktyor - yaradıcı bir insan varsa, bu, qənimət sayılmalıdır və belə insanlara qayğı ilə yanaşılmalıdır: “Biz istedadlarını nümayiş etdirməyə gələn hər kəsə meydan veririk. Son illər istedadlı gəncləri teatra cəlb etmək üçün il ərzində bir neçə dəfə müsabiqə keçiririk, bacarıqlı aktyorları, rejissorları, dirijorları, balet artistlərini, rəssamları, ifaçı və musiqiçiləri, dramaturqları, hətta səhnənin texniki işlərinə maraq göstərənləri belə, bu yolla seçməyə çalışırıq. Düşünürəm ki, bu cür demokratik seçimdən sonra kollektivə qəbul etdiyimiz gənclər bu gün ömrünü fiziki cəhətdən təzələyən - bərpa edilən və tam olaraq yenidən qurulmaqda olan teatrımızın yeni texniki təchizatlı həyatına daha tez alışacaq və yaddaqalan, hadisəyə çevrilə bilən əsərlərin hazırlanmasında bilavasitə iştirak edəcəklər. Kim bilir, bəlkə gələcəyin Nəsibə Zeynalovaları, Lütfəli Abdullayevləri, Bəşir Səfəroğluları, Əliağa Ağayevləri, Hacıbaba Bağırovları, Siyavuş Aslanları elə bu pedaqoqların arasından çıxacaq? Çünki, istedad deyilən o ilahi qabiliyyət Tanrıdan gəlir. Biz onlara çox inanırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR