Beyləqanda fermerlərə güzəştli kreditlər verilib

Beyləqanda fermerlərə güzəştli kreditlər verilib
# 04 may 2012 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Beyləqanın Təzəkənd kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulayıb, Aran iqtisadi rayonunda, o cümlədən Beyləqanda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.

Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda, o cümlədən Beyləqan rayonunda həyata keçirilən layihələr barədə məlumat verib və qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 3 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş güzəştli kreditlərin 60,3 mln. manatı regionların payına düşür. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin müxtəlif sahələri əhatə edən 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,1 mln. manat güzəştli kreditlər verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkarlıq subyektinə 564 min manat güzəştli kredit vəsaiti verilib ki, bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR