Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin məsul şəxsləri cəzalandırılıb

Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin məsul şəxsləri cəzalandırılıb
# 01 mart 2013 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) respublikanın müxtəlif ərazilərindəki magistral avtomobil yollarının kənarlarında qanunsuz ovlanmış çöl quşlarının və heyvanların satılması ilə bağlı daxil olmuş məlumatlar əsasında ETSN tərəfindən Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə xidməti ərazilərində qanunsuz ov edilməsinə, heyvanların və çöl quşlarının qeyri-qanuni satışına qarşı ciddi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buna baxmayaraq verilən tapşırıqlara ciddi əməl olunmayıb, qanunsuz ovlanmış çöl quşlarının və heyvanların yol kənarlarında satılması halları aradan qaldırılmayıb. Qeyd olunan ərazilərə aidiyyəti Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələri tərəfindən nəzarət tələb olunan səviyyədə həyata keçirilməyib və qanun pozuntuları ilə bağlı ciddi tədbirlərin görülməməsi səbəbindən analoji hallara yol verilib. Belə ki, 1, 3, 4 və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəhbərliyi və əməkdaşları tərəfindən xidməti ərazilərində brakonyerliyə qarşı yetərincə tədbirlər görülməyib, qanun pozucuları qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunmayıb, neqativ halların aradan qaldırılması üçün yerli icra, özünüidaretmə və polis orqanları qarşısında zəruri məsələlər ciddi şəkildə qaldırılmayıb. Bunun nəticəsində, qeyd olunan ərazilərdə qanunsuz ovlanmış çöl quşlarının satılmasına şərait yaranıb.

Xidməti ərazilərində, yol kənarlarında qanunsuz ovlanmış çöl quşlarının və heyvanların satışına qarşı ciddi tədbirlər görmədiklərinə, nəzarəti lazımi səviyyədə həyata keçirmədiklərinə və vəzifələrini lazımi şəkildə yerinə yetirmədiklərinə görə 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad) rəisi, rəis müavini, sektor müdiri və məsləhətçi-müfəttişi, 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi (xidməti ərazisi Şirvan, Sabirabad, Hacıqabul, Salyan, Biləsuvar, Neftçala), 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Sumqayıt, Abşeron, Qobustan, Xızı) rəisi, rəis müavini və məsləhətçi-müfəttişi, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (xidməti ərazisi Xaçmaz, Quba, Qusar, Siyəzən) rəisi, sektor müdiri və məsləhətçi-müfəttişi cəzalandırılaraq vəzifələri aşağı salınmışdır. Eyni zamanda, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi-müfəttişləri Ramiz Bəbirov və Elnur Əhmədova töhmət verilmiş, 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məsləhətçi-müfəttişi Mikayıl Cəfərov və baş məsləhətçisi Təyyar Əhmədov isə dövlət qulluğundan azad edilərək onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR