Səfir: “Fevralda Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək”

Səfir: “Fevralda Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək”
# 24 yanvar 2014 10:03 (UTC +04:00)

APA - nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında yaxşı dostluq münasibətləri var və son illərdə bu əlaqələr daha da genişlənib: “İki ölkə arasındakı münasibətlər siyasi, iqtisadi, sosial, mədəni, humanitar, dini və digər sahələrdə inkişaf etdirilir. Belə ki, ötən il dekabrın 16-19-da iranlı iş adamlarından ibarət 25 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib. 2014-ci ilin fevral ayında Bakıda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. Bu toplantı iqtisadi əməkdaşlıq, ticarət və humanitar sahələri əhatə edəcək. İclas çərçivəsində memorandumların imzalanması da gözlənilir”.

C. Axundov bildirib ki, iki ölkə mədəniyyət sahələrdə də əməkdaşlıq edir: “Bu ilin may ayında İranda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək. Biz bu məqsədlə Azərbaycanın mədəniyyət, incəsənət və turizm potensialını təqdim etməyi düşünürük. Eyni zamanda Tehran, Təbriz, İsfahan, Ərdəbil, Şiraz və İranın digər şəhərlərində sərgilər keçirməyi planlaşdırırıq”.

Səfir vurğulayıb ki, qarşılıqlı əlaqələrin inkişafına rəğmən, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var: “Məsələn, iki ölkə arasında iqtisadi əməkdaşlıq razı qalacağımız səviyyədə deyil. Bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün səy göstərməliyik. Bu baxımdan Tehran şəhərində yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı (İKT) çərçivəsində İran və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsinə cəhd göstərilə bilər. Mən Azərbaycanın İKT Nazirlər Şurasına sədrliyi dövründə (2012-2013) quruma üzv ölkələrin Daimi Nümayəndələr Şurasına sədrlik etmişəm. Bu müddət ərzində münasibətlərin inkişaf etdirilməsi üçün səylər göstərilib. Bu xüsusda müzakirə mövzusu olan məsələlərdən biri üzv dövlətlər arasında vahid nəqliyyat sisteminin yaradılması layihəsi idi. İKT-yə üzv ölkələrin böyük şəhərləri arasında dəmir xətlərinin və beynəlxalq avtomobil yollarının tikintisi iqtisadi əlaqələrin inkişafına töhfə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR