Bakının Nizami rayonuna fasiləsiz içməli suyun verilməsinə başlanılıb

Bakının Nizami rayonuna fasiləsiz içməli suyun verilməsinə başlanılıb
# 11 dekabr 2013 15:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC noyabr ayından Bakının Nizami rayonunun böyük bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi istiqamətində işlərə start verib.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsi olaraq artıq Nizami rayonunda xidmət göstərilən 51 490 abonentin 46 mini fasiləsiz su ilə təmin edilib.

Hazırda rayon üzrə 202 min sakinin 182 min nəfəri və ya 90%-dən çoxu 24 saat fasiləsiz su alır. Hələlik rayonun yalnız Elşən Süleymanov, Bəhruz Nuriyev, Şərifli küçələrinin bir hissəsinə, eləcə də Keşlə qəsəbəsinin bəzi yerlərinə içməli su qrafiklə verilir. Həyata keçirilən yenidənqurma işləri tam başa çatdıqdan sonra bu ərazilərə də 24 saat içməli suyun verilməsi təmin ediləcək.

İndiyədək görülmüş işlər nəticəsində rayon ərazisindəki 109 məhəllədaxili nasos stansiyasından 36-nın fəaliyyəti dayandırılıb. İşlər tam başa çatdıqdan sonra məhəllədaxili nasos stansiyalarının böyük əksəriyyəti ləğv ediləcək ki, bu da elektrik enerjisinə qənaət deməkdir.

Bundan başqa, hər bir abunəçi smart-kart tipli sayğacla təmin edilir. İndiyədək Nizami rayonunda 42 binada bu işlər tam başa çatdırılıb, 2182 mənzilə smart-kart tipli su sayğacları quraşdırılıb. Hazırda 222 binada işlər davam etdirilir, 186 bina üzrə isə layihələndirmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR