Qətər Azərbaycanın kənd təsərrüfatına investisiya yatırmaq niyyətindədir

Qətər Azərbaycanın kənd təsərrüfatına investisiya yatırmaq niyyətindədir
# 05 fevral 2014 14:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Qətərin investisiya qurumu olan «Qatar Holding»in nümayəndələri ilə görüşüb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi holdinq tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu imkanlarının araşdırılması olub.

H.Əsədov Azərbaycanla Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb. Bu məqsədlə aqrar sektorda birgə tədqiqatların aparılması, ixrac imkanlarının araşdırılmasının vacibliyini bildirən nazir meyvə, tərəvəz, bostan məhsulları istehsalı və emalında, həmçinin süd emalında müştərək müəssisələrin yaradılması və ixracı imkanlarının müəyyən edilərək bu sahədə əməkdaşlığa daim dəstək verəcəyini bildirib.

Holdinqin Biznesin inkişafı Departamentinin rəis müavini Mühəmməd əl-Mosallam kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoyuluşunda maraqlı olduqlarını qeyd edərək, bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsi üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunub. Görüşdə Qətərin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd əl-Tani də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR