Azərbaycanda məcmu bank mənfəəti kəskin artıb

Azərbaycanda məcmu bank mənfəəti kəskin artıb
# 04 iyul 2013 14:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-may aylarında ümumilikdə 143,94 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,5 dəfə çoxdur.

Yanvar-may aylarında bankların faiz gəlirləri 636,71 mln. manat, faiz xərcləri 325,16 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 311,55 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 170,28 mln. manat, qeyri-faiz xərcləri isə 287,86 mln. manat təşkil edib və bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 117,58 mln. manat həcmində zərər yaranıb.

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 21%, qeyri-faiz zərəri isə 22,9% artıb. Beləliklə, bankların yekun mənfəətinin kəskin artması əməliyyatlar üzrə gəlirliyin, əməliyyat və ya faiz xərclərinin azalması nəticəsində baş verməyib. Bu, ilk növbədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaların kəskin azalması ilə bağlı olub. Belə ki, ötən ilin 5 ayı ilə müqayisədə bu ayırmalar 103,95 mln. manatdan 49,94 manatadək azalıb. Ümumi mənfəətin artımı isə 85,72 mln. manat, o cümlədən faiz mənfəətinin artımı 54,36 mln. manat, qeyri-faiz zərəri isə 21,87 mln. manat artıb.

Məlumat üçün bildirək ki, 2013-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın 39 kommersiya bankı mənfəətlə, 4-ü isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 145,31 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 8,12 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR