Azərbaycan və İtaliya parlamentlərinin təhlükəsizlik komitələri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və İtaliya parlamentlərinin təhlükəsizlik komitələri Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 08 may 2014 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Bakıda səfərdə olan İtaliya Senatı Müdafiə Komissiyasının sədri Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, Z.Əsgərov bildirib ki, Azərbaycan İtaliya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

O qeyd edib ki, 1997-ci ildən bəri Azərbaycan prezidentlərinin İtaliyaya 4 dəfə səfər etməsi, 2011-ci ildə isə Milli Məclisin sədri Oqtay Əsədovun bu ölkəyə səfəri ölkələrimiz arasındakı yaxın münasibətlərin əyani təzahürüdür: “Azərbaycan və İtaliya beynəlxalq təşkilatlarda da bir sıra məsələlərin həllində eyni mövqedən çıxış edir və biz əminik ki, qarşılıqlı münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək”.

Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verən Z.Əsgərov bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur: “Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, bunun heç bir nəticəsi yoxdur”.

Qonağın diqqətinə çatdırılıb ki, bu gün Azərbaycanda tolerantlıq hökm sürür və ölkəmizdə bir çox dini konfessiyalar fəaliyyət göstərir. Nikola Latorre qarşılıqlı münasibətlərin və səfərlərin daha da sıxlaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyi İtaliya üçün çox önəmlidir. Qonaq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin daha məqsədəuyğun olduğunu qeyd edib.

Söhbət zamanı mövcud beynəlxalq vəziyyət, Ukraynada baş verən hadisələr və digər mövzularda fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR