Bakıda İndoneziyanın turizm imkanlarına dair təqdimat keçirilib

Bakıda İndoneziyanın turizm imkanlarına dair təqdimat keçirilib
# 12 sentyabr 2013 09:57 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, təqdimatda İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto çıxış edərkən bildirib ki, iki dost ölkə Azərbaycan və İndoneziya arasında bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq mövcuddur.

O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr 20 il əvvəl qurulub: “Azərbaycan və İndoneziya arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var”.


Səfir bildirib ki, turizm əməkdaşlığının inkişafı iki ölkənin münasibətlərinin dərinləşdirilməsi üçün əhəmiyyətlidir. Diplomat bu sahədə müəyyən işlərin artıq həyata keçirilməsi barədə danışıb, İndoneziyanın ötən il və bu il Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etdiyini vurğulayıb.


İndoneziyanın “Asia Koleksi Travel” şirkətinin direktoru Asekan Djoyo Dono isə deyib ki, Bakıya səfərlərinin əsas məqsədi ölkənin turizm potensialını təqdim etmək, Azərbaycandan İndoneziyaya turizm axının gücləndirilməsidir. Onun sözlərinə görə, azərbaycanlılar İndoneziyanın bütün adalarına səfər edə bilərlər. İndoneziyanın Azərbaycana məsafə baxımından o qədər də uzaq olmadığını deyən şirkət rəhbəri turistləri burada çox maraqlı səyahət gözlədiyini deyib: “İndoneziya təbii gözəllikləri ilə çox zəngin və gözoxşayandır. İnsanlarımız olduqca mehribandır. Ölkəmizə gələn hər bir turist xidmətin səviyyəsindən, təqdim olunan hər bir şeydən razı qalırlar. Hesab edirəm ki, səyahəti, istirahəti sevən hər bir azərbaycanlı İndoneziyanı mütləq görməlidir”.


Daha sonra ölkənin turizm potensialı ilə bağlı təqdimat keçirilib. İndoneziyanın Bali adası və digər görməli yerləri, istirahət məkanları, təbiəti, otellər, mətbəx, alış-veriş imkanları barədə ətraflı məlumat verilib.


Tədbir çərçivəsində qonaqlara İndoneziya barədə maraqlı faktlar haqqında məlumat verilib. Bildirilib ki, dünyanın ən bahalı kofesi olan “Luvak” (1 kq-ı 1000 dollar) məhz İndoneziyada istehsal olunur. Turizm şirkəti yalnız səyahətlər deyil, Bali adasında və İndoneziyanın digər maraqlı yerlərində toy, ziyafət mərasimləri də təşkil edir. Tədbirin yekununda isə iştirakçıların Bali adasının təqdim olunan hotellərində iki nəfərlik iki günlük pulsuz istirahət üçün vauçer udması imkanı verilib, dörd nəfər qalib elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR