Yapon mütəxəssislər Urmiya gölünün xilası üçün İrana gəliblər

Yapon mütəxəssislər Urmiya gölünün xilası üçün İrana gəliblər
# 01 fevral 2014 11:55 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JAYKA) mütəxəssisləri Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmasına yardım göstərmək üçün İrana gəliblər.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin valisinin mülki işlər üzrə müavini Hadi Bahaduri jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, JAYKA mütəxəssisləri bu gün İranın Qərbi Azərbaycan vilayətinə səfər edərək Urmiya gölünə baxış keçirəcəklər: “Bu addım İran prezidenti ilə Yaponiya baş naziri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq həyata keçirilir. Belə ki, Yaponiya nümayəndə heyəti Urmiya gölünün qurumasının səbəblərini və onun xilası üçün təsiredici yolları araşdıracaq”.

H.Bahaduri deyib ki, Yaponiya nümayəndə heyətinə JAYKA-nın su mənbələri və kənd təsərrüfatı sahəsində mütəxəssis olan əməkdaşları daxildir.

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR