Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi müəyyən qaydalarda həyata keçiriləcək

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi müəyyən qaydalarda həyata keçiriləcək
# 24 iyun 2014 11:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycandan xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin ərizəsi əsasında verilməlidir. APA-nın xəbərinə görə, “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir.

Azərbaycandan kənarda yaşayan şəxslər ölkəyə gəldikdə onların rus və ya gürcü dillərində təhsil alan övladlarının köçdükləri ərazidə məktəbə qəbulu müəyyən qaydada həyata keçirilir. I - IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə) övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur. Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir.

Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, I - V sinif şagirdləri tədris Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin tədris dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir. Xarici ölkələrdə Azərbaycan məktəblərindəki tədris dillərindən fərqli dildə təhsil almış uşaqların ölkənin dövlət məktəblərinə qəbuluna valideynlərin və şagirdlərin arzularına əsasən, yalnız uyğun tədris dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda, Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılıb razılıq verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR