Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək

Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
# 30 sentyabr 2013 14:32 (UTC +04:00)

«Baku Expo Center»in bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalını əhatə edən Xəzər İnşaat Həftəsi üç böyük sərgidən («BakuBuild», «Aqua-Therm Baku» və «CIPS Caspian») ibarətdir. Tədbirin əsas təşkilatçısı rolunda «Iteca Caspian» şirkəti çıxış edir.

«APA-Economics»in məlumatına görə, bu il Xəzər İnşaat Həftəsi 29 ölkədən 450-dən artıq şirkəti bir ekspozisiya çərçivəsində birləşdirəcək. «BakuBuild-2013» X Azərbaycan Beynəlxalq İnşaat Sərgisi müasir və qabaqcıl inşaat texnologiyalarını, geniş çeşiddə tikinti materiallarını, santexnika avadanlıqlarını, habelə yeni döşəmə örtüklərini, tikinti texnikasını, uşaq meydançalarını, idman ləvazimatlarını, trenajorları və digər məhsulları təqdim edəcək. Yeni sektorlar arasında şəhər dekorasiyası üçün işıqlandırma və səs avadanlıqları bölümü də yer alır. Builki sərgidə ağır sənaye sahəsi, xüsusilə də Azərbaycan, Gürcüstan və BƏƏ-nin metallurgiya zavodları geniş şəkildə təmsil olunacaq.

Sərgidə artıq daimi iştirakçı olan Almaniya, Yunanıstan, İtaliya, İran, Portuqaliya və Finlandiyanı milli qrupları təmsil edəcək. BƏƏ-nin milli qrupu isə bu il debüt edəcək. Yerli iştirakçıların da sayı artıb və ümumi sərgi meydançasının 38%-ni təşkil edir.

Həmin tarixlərdə «Aqua-Therm Baku-2013» V Yubiley Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji Sərgisi keçiriləcək. Sərgi ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, ventilyasiya sistemləri, havapaylayıcı qurğular və bir sıra digər məhsullar daxildir. Bu il sərgidə Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 70-dən çox şirkət iştirak edəcək.

«CIPS Caspian-2013» VI Xəzər Beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri Sərgisi isə istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək səviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcək. Builki sərginin iştirakçıları arasında təhlükəsizlik sistemləri, siqnalizasiya, CCTV, girişə nəzarət vasitələri, yanğın təhlükəsizliyi sistemləri və yanğından mühafizə siqnalizasiyası kimi məhsulların istehsalçıları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR