Bakı şəhərinin ilkin mənzil bazarında qiymət artımı davam edir

Bakı şəhərinin ilkin mənzil bazarında qiymət artımı davam edir
# 01 avqust 2013 12:11 (UTC +04:00)

İctimai Birlikdən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən başlayan qiymət artımı iyun ayı üçün də xarakterik olub. Alıcıların tədricən bazara qayıtması son nəticədə alqı-satqı əqdlərinin sayında və qiymətlərdə özünü büruzə verib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Bunda mövsümi amillərin rolu böyük olsa da, tikinti şirkətlərinin qiymətləri stabil saxlamağa çalışması, mənzillərin satışında kredit portfelinin həcminin artması aktivliyin müsbətə doğru inkişafına təsirsiz ötüşməyib. Paytaxt ərazisində gedən infrastruktur dəyişiklikləri hesabına alıcılıq qabiliyyəti yüksələn tendensiya ilə davam edib. Nəticədə, bağlanan əqdlərin sayında artım müşahidə olunub.

«İyun ayında paytaxtın 3 rayonunda 6 yeni tikilinin satışa çıxarılması qeydə alınıb. Əsas üstünlük Xətai rayonunda müşahidə edilib. Satışa çıxarılan 4 yeni tikili «Ağ Şəhər» layihəsi ərazisinə düşüb. Yeni tikililərdən daha biri Yasamal rayonunda, sonuncusu isə Nəsimi rayonunda qeydə alınıb. Təklif edilən yeni mənzillərdəki qiymətlər əsasən 1 200 manat/kv. metrdən başlayıb. Buna baxmayaraq, aparılan araşdırmalara əsasən, tələb əsasən 800 manatdan başlayan qiymətlərdə özünü göstərib. Satışdan çıxan mənzillərin sayında da artım olub və 2 yeni tikili satışdan çıxıb. Beləliklə, Bakı şəhəri üzrə ilkin yaşayış mənzil bazarında araşdırılmaya məruz qalan çoxmənzilli yaşayış binalarının sayı 400-ə çatıb. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikilinin tam satılaraq satışdan çıxmasına mane olub. Müvafiq olaraq tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, say ötən aydakı 131-ə qarşı 129 olub», - deyə İctimai Birlikdən bildirilib.

Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyur. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 2/3 hissəsini təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

İyun ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə orta qiymət göstəricisi ötən aydakı 873,2 manat/ kv. metrə qarşı 1,02% artaraq 884,1 manat/kv. metr təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 3,1%, ötən ilə nisbətən isə 10,2% artımla yadda qalıb.

Qeyd edək ki, 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə qiymət azalması 26% təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə qiymət artımı ötən aydakı 4% qarşı 5,3% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR