Azərbaycan sənətçiləri “Şaşmakom” festival-simpoziumunda iştirak ediblər

Azərbaycan sənətçiləri “Şaşmakom” festival-simpoziumunda iştirak ediblər
# 18 may 2013 11:58 (UTC +04:00)

Bakı-APA. Mayın 10-12-də Düşənbədə ənənəvi “Şaşmakom” festival-simpoziumu keçirilib. Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda Tacikistan, Azərbaycan, İran və Əfqanıstandan muğam ustaları iştirak ediblər.

Tacikistanın möhtəşəm Sadraddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında təşkil olunan festival-simpoziumun açılışında Tacikistan prezidenti Emomali Raxmon iştirak edərək iştirakçıları təbrik edib və onlara uğurlar diləyib.

Elmi simpoziumda Azərbaycan Milli Konservatoriyasının rektorunun müavini Akif Quliyevin məruzə ilə çıxışı musiqişünaslar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan muğam ifaçıları Vüsalə Musayeva və Hüseyn Məlikov, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifovun Sadraddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında, həmçinin, Tacikistan Milli Konservatoriyasının binasında təşkil olunan konsertdə çıxışları böyük maraqla və alqışlarla qarşılanıb.

Festival-simpozium öz işini mayın 15-də başa çatdırıb.

Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və Tacikistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan sənətkarları may ayının 15-də Xocənd şəhərində “Rudəki” sarayında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan möhtəşəm Azərbaycan-Tacikistan dostluq konserti proqramı ilə çıxış ediblər.

Konsert ötən ilin oktyabr ayında Gəncə ilə Xocənd şəhərlərinin qardaşlaşması haqqında imzalanan “Qardaşlaşmış Şəhərlər” Memorandumuna uyğun olaraq keçirilən ilk mədəni tədbir olub.

Səfir Abbasəli Həsənov Xocənd şəhərində tədbirdə çıxış edərək qeyd edib ki, belə bir elmi-mədəni tədbirlərin həyata keçirilməsinin Azərbaycan ilə Tacikistan arasında qarşılıqlı əməkdaşlığın inkişafında böyük rolu var.

Səfir qeyd edib ki, Heydər Əliyev sovet dövründə Tacikistan üçün nəzərdə tutulan bir sıra layihələrin həyata keçirilməsinə imza atıb, müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Tacikstanla münasibətlərin inkişafına xüsusi önəm verib. Səfir bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Xocənd şəhərində səhnəyə qoyulacaq. Abbasəli Həsənov, həmçinin, 15 may beynəlxalq ailə günü ilə bağlı bütün iştirakçıları təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR