Gürcüstan parlamentinin deputatı: “Belə çıxır ki, Azərbaycan da Abxaziya və Cənubi Osetiya ilə bağlı hansısa tədbir keçirilməsinə şans verməlidir”

Gürcüstan parlamentinin deputatı: “Belə çıxır ki, Azərbaycan da Abxaziya və Cənubi Osetiya ilə bağlı hansısa tədbir keçirilməsinə şans verməlidir”
# 08 may 2014 16:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Gürcüstan da Azərbaycan kimi işğala məruz qalıb və torpaqları işğal edilib. Belə bir ölkədə separatçılığı, işğalçılığı dəstəkləmək və ona hansısa formada dayaq olmaq ölkəmizin apardığı siyasətə uyğun deyil”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən “Ayartun” Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü “Şuşanın Azadlığı Günü” kimi bayram etmək məqsədilə mayın 9-da təşkil edəcəyi tədbirə münasibət bildirən Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev deyib.

M. Dərziyev bildirib ki, Gürcüstan dövləti Ermənistanın işğalçılıq siyasətini qəbul etmir və Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir: “Hansısa erməni təşkilatı və yaxud kilsəsi Gürcüstanda müəyyən tədbir keçirə bilər və təbii ki, biz bunu pisləməliyik. Gürcüstan dövlətinin bu tədbirin keçirilməsinə heç bir dəstəyi ola bilməz. Gərək bizim QHT-lər bir az fəallaşsın, öz sözünü desin”.

Gürcüstan parlamentinin digər üzvü Azər Süleymanov isə APA-ya açıqlamasında ermənilərin Tiflisdə mayın 9-da keçirmək istədikləri bayram konsertindən dövlətin xəbərdar olduğunu bildirib: “Belə çıxır ki, Azərbaycan dövləti də ölkədə hansısa bir təşkilat və dini qurum tərəfindən qondarma Abxaziya, ya da qondarma Cənubi Osetiyanın müstəqilliyi, ya da hansısa anım günü ilə bağlı tədbir keçirilməsinə bir şans verməlidir. Cavaxetiyada “Gürcü Arzusu” iki erməninin namizəd kimi yerli özünü idarəetmə seçkilərində iştirakına razılıq verib. Amma 500 min azərbaycanlının yaşadığı bölgələrdə azərbaycanlı namizədin adı hallanmır. Bu, azərbaycanlılara qarşı böyük hörmətsizlikdir. Mən də sabah ermənilərin tədbirinə qarşı təşkil olunacaq böyük bir mitinqdə iştirak edəcəyəm. Mən bu gün bütün azərbaycanlıların qeyri-hökumət təşkilatlarını bu etiraz mitinqinə dəvət edirəm”.

A. Süleymanov ermənilərin kompakt yaşadığı Axalkələkdə qondarma “erməni soyqırımı” ilə bağlı abidə də ucaldıldığını bildirib: “Bu günə qədər Gürcüstanda Xocalı soyqırımına rəsmi qiymət verilməyib, eyni zamanda keçirdiyimiz tədbirlərə qısqancla yanaşılıb. Bugünkü Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı mövqeyi xoşagələn deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR