Azərbaycan alimləri «Tranzit nəqliyyat-yük» birjasının yaradılmasını təklif edirlər

Azərbaycan alimləri «Tranzit nəqliyyat-yük» birjasının yaradılmasını təklif edirlər
# 14 may 2013 09:22 (UTC +04:00)

Söhbət ölkə ərazisi ilə hərəkət edən nəqliyyat vasitələrinin və daşınan yüklər haqqında məlumatların toplanacağı «Tranzit nəqliyyat-yük» birjasının yaradılmasından gedir. «APA-Economics»in məlumatına görə, belə birjanın yaradılması ideyası Azərbaycan alimləri tərəfindən irəli sürülüb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev və dosenti, fizika-riyaziyyat elmləri namizədi Ədalət Paşayev tərəfindən hazırlanmış təqdimatda ölkə ərazisi ilə yük daşınmasının optimallaşdırılması üçün riyazi modelləşdirmənin tətbiqi və nəticədə müxtəlif maraqlı tərəflərin faydalana biləcəyi sistemin - «Tranzit nəqliyyat-yük» birjasının yaradılması nəzərdə tutulur. Təklifin əsasında ölkə ərazisi ilə yük daşıyan nəqliyyat vasitələrinin əks istiqamətdə boş hərəkət etməməsi dayanır.

Təqdimata əsasən, ölkə ərazisi ilə şimal-cənub və şərq-qərb istiqamətlərində küllü miqdarda nəqliyyat vasitələri ilə tranzit yüklər daşınır. Bir sıra hallarda nəqliyyat vasitələri yükünü mənzil başına çatdırandan sonra geriyə boş qayıdır. Bundan başqa, Azərbaycan ərazisindən öz yükünü boşaldıb geri qayıdan, yaxud yük dalınca gedən boş nəqliyyat vasitələri - yük avtomobilləri, vaqonlar, təyyarələr keçir. Eyni zamanda, bu nəqliyyat vasitələrinin hərəkət istiqamətində müxtəlif yüklərin daşınmasına ehtiyac ola bilər. «Həmin yüklərin daşınması üçün adı çəkilən boş nəqliyyat vasitələrinin cəlb olunması faydalı ola bilər. Belə ki, əlavə nəqliyyat vasitələrinin cəlb edilməməsi həm iqtisadi, həm də ekoloji baxımdan üstünlüklər verə bilər», - deyə təqdimatda bildirilir.

Bu ideyanın reallaşdırılması üçün təklif edilir ki, daşınmalı yüklərin boş səmt nəqliyyat vasitələrində daşınmasının asanlaşdırılmasına yönəlmiş informasiya sistemi yaradılsın. Bura həm ölkədən keçən boş nəqliyyat vasitələri haqqında (nəqliyyat vasitəsinin növü, yük götürmə qabiliyyəti, yolüstü yük götürmə səlahiyyəti və s.), həm də daşınması tələb olunan yüklər (yükün tipi, həcmi, saxlandığı məntəqə, çatdırılacağı məntəqə və s.) haqqında informasiya daxil edilir.

İdeya müəllifləri yük və nəqliyyat vasitələri haqqında məlumatların əldə olunması, emalı, uyğun daşınmaların təşkili məqsədi ilə xüsusi birjaların təşkil olunmasını təklif edirlər. Azərbaycan alimlərinin fikrincə, ölkəyə daxil olan nəqliyyat vasitələri haqqında sadalanan məlumatların Dövlət Gömrük Komitəsində olduğunu nəzərə alsaq, həmin məlumatlar birjaya Dövlət Gömrük Komitəsi tərəfindən, daşınacaq yüklər haqqında məlumatlar isə yük daşımaları ilə məşğul olan təşkilatlar və ya yük sahibləri tərəfindən təqdim edilə bilər. Yük daşıması haqqında birjada bağlanmış hər bir əqdə görə müəyyən komissiya haqqı tutularaq birjaya ödənilə bilər.

Təqdimatda bildirilir ki, yaradılacaq informasiya sistemində nəqliyyat vasitələri və yüklər haqqında informasiyalar strukturlaşdırılmalıdır. Nəticədə, riyazi model vasitəsi ilə hansı yükün hansı nəqliyyat vasitəsi ilə daşına bilməsi təklif ediləcək. Təklif hər iki tərəfi qane edərsə, əqd bağlanar: «Məsələnin riyazi modelinin qurulması, daşınmaların təşkilini optimallaşdırmağa imkan verər. Nəticədə, boş nəqliyyat vasitələrindən maksimum istifadə olunar».

Müəlliflərin fikrincə, ideyanın reallaşdırılmasına başlanğıc məntəqəsi Azərbaycanda olan yüklərin səmt nəqliyyat vasitələrində daşınması ilə başlamaq olar: «Belə bir informasiya sistemi yaradılarsa, inkişaf etdirilərək regional birjaya çevrilə bilər».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR