Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofisində Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası İdarə Heyətinin sədri Revaz Natsaraşvili ilə görüş keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrindən danışan R. Natsaraşvili Azərbaycanda veteranlar hərəkatının inkişafında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevin böyük xidməti olduğunu bildirib. O, Gürcüstan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası İdarə Heyətinin qərarı ilə veteranlar hərəkatındakı roluna görə D. Rzayevin fəxri fərmanla təltif olunduğunu açıqlayıb. Fəxri fərman D. Rzayevə təqdim edilib.
Fəxri fərmana görə təşəkkürünü bildirən D. Rzayev də öz növbəsində R. Natsaraşviliyə “Veteran həmrəyliyi” medalı təqdim edib.
Daha sonra iki təşkilat arasında Azərbaycan və Gürcüstan veteranları arasında əməkdaşlığı, veteranların qarşılıqlı səfərləri, bu ölkələrdə istirahətlərinin təşkili, konfrans və müxtəlif tədbirlərin, idman yarışlarının (şahmat, nərd və s.) təşkilini nəzərdə tutan müqavilə imzalanıb.
D. Rzayev gələcəkdə Belarus və Qazaxıstan veteran təşkilatları ilə də analoji müqavilələrin imzalanacağını nəzərə çatdırıb: “Bu gün imzalanan müqavilə təşkilatımızın beynəlxalq aləmə çıxması istiqamətində ilk addımdır. Eyni zamanda, yaddan çıxarmayın ki, Gürcüstanda 600 min azərbaycanlı yaşayır və Revaz Natsaraşvili uzun müddət Gürcüstanda azərbaycanlılar yaşayan rayonlarda polis rəisi işləyib, azərbaycanlıların dostudur”.