Bakıda yanan binanın sakinlərinə evləri təmir olunanadək kirayə pulu veriləcək

Bakıda yanan binanın sakinlərinə evləri təmir olunanadək kirayə pulu veriləcək
# 13 aprel 2015 12:33 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyi sakinlərin yanmış əşyaları ilə bağlı inventarlaşdırma işləri aparıb

Bakı. Ramiz Mikayıloğlu - APA. Aprelin 11-də Xətai rayon Fövqəladə Hallar Komissiyasının üzvləri digər məsul şəxslərlə birgə sakinlərin iştirakı ilə Xətai rayonu, Zığ şosesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasındakı mənzillərə baxış keçirib. Bunu APA-ya Xətai rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşı Zaməddin Əkbərov söyləyib.

Z. Əkbərov bildirib ki, yanan mənzillərin fotoşəkilləri çəkilib, dəyən ziyan müəyyənləşdirilib: “Daha sonra vətəndaşlara bildirdik ki, onların evləri dövlət tərəfindən təmir olunacaq, dəyən ziyan tam bərpa olunacaq. Vətəndaşlar da evləri təmir olunduğu müddətdə qohum evlərində, kirayələrdə yaşaya bilərlər. Təklif etdik ki, onların hər birinə kirayə evlər tapaq, dövlət hesabına evləri təmir olunana qədər yaşasın. Vətəndaşlar özləri kirayə mənzil tapacaqlarını deyərək, vəsait verilməsini istədilər. 112 mənzildən 56-sı yanğından ziyan çəkib. 56 ailənin hər birinə 500 manat olmaqla, 2 aylıq kirayə pulu verildi. Evləri də təmir olunur. Sakinlər dünən gün ərzində evlərindən əşyalarını boşaldıb, kirayə tapdıqları ünvanlara aparıblar. Bu məqsədlə bizim tərəfdən nəqliyyat vasitələri ilə ayrılıb, ehtiyacı olanlara fəhlə qüvvəsi ilə kömək də edilib. Sakinlər evləri təmir olunana qədər kirayədə yaşayacaqlar və bundan sonra evlərinin təmiri müddətində 2 aydan çox kirayədə qalsalar, yenə də kirayə pulları ödənəcək. Evlərin təmir olunduqca sakinlər qayıdacaqlar”.

Artıq briqadaların binada təmizlik işləri apardığını qeyd edən Z. Əkbərov yanğından ziyan çəkmiş bütün mənzillərin bərpa olunacağını vurğulayıb.

Vətəndaşlara yanmış əşyalarına görə kompensasiya verilib-verilməyəcəyinə gəlincə, Z. Əkbərov deyib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 11 və 12 aprel tarixlərində hər bir evdə inventarizasiya aparıblar: “Kimin hansı əşyası yanıb, bunu mütəxəssis müəyyənləşdirə bilər. Ona görə də bu araşdırmanın nəticəsindən asılı olaraq, Fövqəladə Hallar Nazirliyi qərar verəcək. Ancaq hazırda bu barədə indi konkret nə isə deyə bilmərəm. Amma əvvəldən sığortalanan mənzillərin sahibləri sığortalarını ala bilərlər”.

Qeyd edək ki, aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şosesi 16 ünvanındakı 107 mənzilli doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində binanın fasadı, 2 mənzil və bir neçə eyvan yanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin hadisə yerinə cəlb olunub, binadakı sakinlərin hamısı təxliyə olunub, yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR