Azərbaycan Avropa Hərəkatı səfirliklərin və beynəlxalq təşkilatların monitorinqini aparıb

Azərbaycan Avropa Hərəkatı səfirliklərin və beynəlxalq təşkilatların monitorinqini aparıb
# 19 aprel 2013 13:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Avropa Hərəkatı (AAH) Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin fəaliyyətinin monitorinqini aparıb. APA-nın məlumatına görə, AAH prezidenti Ramin Hacılı bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında Qərb dəyərlərini müdafiə edən səfirlik və təşkilatların fəallığı kifayət qədər azalıb.

R. Hacılı deyib ki, hərəkat ölkədə fəaliyyət göstərən 37 səfirlik və 8 beynəlxalq təşkilatın monitorinqini aparıb: “Təəssüf ki, səfirliklərin 50 faizindən çoxunun əlaqə vasitələri yoxdur və vətəndaşların bu səfirliklərlə əlaqə saxlamaq problemi mövcuddur. Biz səfirliklərin, beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti institutları arasında da sorğu keçirmişik. Azərbaycanın vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən qurumların 90 faizi hazırda ölkədə demokratiya və insan hüquqlarını əsas dəyər kimi qəbul etmiş ölkələrin səfirliklərindən narazıdır. Bu sahədə yalnız Almaniya səfirliyini uğurlu səfirlik kimi qiymətləndiririk. Biz vətəndaş cəmiyyəti institutları ilə səfirliklərin sıx əməkdaşlığını vacib hesab edirik”.

AAH prezidenti qeyd edib ki, monitorinqin nəticələri həmin səfirlik və beynəlxalq təşkilatların da ünvanlarına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR