Fransa nümayəndə heyəti BDU-da olub

Fransa nümayəndə heyəti BDU-da olub
# 01 aprel 2015 14:55 (UTC +04:00)

Bakı - APA. Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrindən ibarət nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetin Mətbuat və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, elmi-tədqiqat və tədris laboratoriyaları ilə başlayan görüş dəyirmi masa arxasında davam etdirilib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə reallaşan səfərin əhəmiyyətindən danışıb, nümayəndə heyətini BDU-da görməkdən məmnun olduğunu bildirib. Rektor cari ilin 27 fevral tarixində Parisdə baş tutmuş «Azərbaycan Günü» tədbirinin davamı olan bu səfərin Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını genişləndirəcəyinə əminliyini ifadə edib.

Dəyirmi masada Bakı Dövlət Universitetinin elmi istiqamətləri, elmi məktəblər barədə danışılıb və qonaqlara nanotexnologiya, bioekologiya, kimya, biotexnologiya, iqtisadiyyat, filologiya, ekologiya, turizm və digər elmi istiqamətlər barədə məlumat verilib. Eyni zamanda Erasmus-Mudnos proqramının Nizami layihəsi haqqında fikir mübadiləsi aparılıb.

Sonra Fransanın Ruen Universiteti ilə Bakı Dövlət Universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki qurum arasında tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, birgə elmi rəhbərlər, “ikili diplom”, qabaqcıl inkişaf metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı nəzərdə tutulur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar - Abel Məhərrəmov və Cafer Özkul müqavilənin işlək olacağına və yaxın gələcəkdə hər iki universitetə fayda verəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, Parisdə baş tutmuş «Azərbaycan Günü» tədbiri çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Fransanın bir çox universitetlərinin rəhbərləri ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə etmişdi.

Onu da qeyd edək ki, BDU ilə Fransanın Sorbonna I, III və IV universitetləri, Nitsa Sofiya Antipolis Universiteti, eləcə də Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu (İNALKO) arasında qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.

2014-cü ildən başlayaraq BDU-nun Fizika fakültəsində TEMPUS proqramı çərçivəsində Fransanın Paris 13 Universiteti ilə ECONANO adlı post-magistr proqramı üzrə kadr hazırlığına başlanmışdır. Fransa ilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığı gücləndirmək və əlaqələri koordinasiya etmək məqsədi ilə BDU-da Fransa Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR