Azərbaycanın Koreyadakı səfiri “İpək yolu və Orta Asiya Mərkəzi”nin açılış mərasimində iştirak edib

Azərbaycanın Koreyadakı səfiri “İpək yolu və Orta Asiya Mərkəzi”nin açılış mərasimində iştirak edib
# 31 oktyabr 2014 11:26 (UTC +04:00)

Bakı – APA. Koreya Respublikasının Dequ şəhərində yerləşən Keimyunq Universitetində “İpək yolu və Orta Asiya Mərkəzi”nin açılış mərasimi keçirilib.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə Qyonqsanq-bukdo əyalətinin qubernatoru, Koreya Milli Assambleyasının keçmiş sədri, Keimyunq Universitetinin prezidenti, habelə Azərbaycan, Türkiyə və Özbəkistanın Seuldakı diplomatik missiyalarının rəhbərləri iştirak ediblər.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov çıxışı zamanı nəqliyyat dəhlizlərinin ölkələrin və xalqların siyasi, iqtisadi və mədəni həyatındakı rolu haqqında danışıb, qədim İpək yolunun yenidən bərpasının əhəmiyyətini önə çəkib.

Azərbaycanın Şərqlə Qərb arasında təbii körpü rolunu oynadığını deyən səfir bildirib ki, ölkəmiz İpək yolunun tərkib hissəsidir və bu səbəbdən Azərbaycan hökuməti həmin nəqliyyat dəhlizinin yenidən bərpasına diqqət göstərir. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şərqlə Qərbin birləşdirilməsi istiqamətində görülməkdə olan işlər barədə məlumat verən diplomat Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Şərqlə Qərb arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsində müstəsna rol oynayacağını qeyd edib.

Mərasimin sonunda “İpək yolu və Orta Asiya Mərkəzi”nin fəaliyyətə başlamasını bildirən lövhənin açılışı olub, habelə tədbirin əhəmiyyətini əks etdirən ağac əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR