Müxalifət Rəsul Quliyevin ittihamlarını necə dəyərləndirir? - SORĞU

Müxalifət Rəsul Quliyevin ittihamlarını necə dəyərləndirir? - <span style="color: red;">SORĞU
# 01 aprel 2013 14:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Kimlər ki, xalq hərəkatında aktiv iştirak etməyib və yaxud da vaxtı ilə bu hərəkatın əks cəbhəsində durub, onlar birmənalı şəkildə xalq hərəkatının və onun Azərbaycanın müstəqilliyindəki rolunu danırlar”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Acıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin bəzi müxalifət liderlərinə qarşı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

S. Cəlaloğlu deyib ki, R. Quliyev müxalifəti o halda tənqid edə bilər ki, özü fəal və tənqid olunmayacaq şəkildə fəaliyyət göstərsin: “Müxalifəti o adam tənqid edə bilər ki, özünün fəaliyyətində tənqidi nüanslar olmasın. Yaxud da, özü daha çox müxalifətçilik etsin. Kimlər ki, xalq hərəkatında aktiv iştirak etməyib, vaxtı ilə bu hərəkatın əks cəbhəsində durub, onlar birmənalı şəkildə Azərbaycanda xalq hərəkatının rolunu danırlar. Biz doğrudan da, əsrin əvvəllərində müstəqillik əldə etmişik, bu gün dünyada müstəqil olmayan minlərlə xalq var. Bəs onlar niyə müstəqillik qazanmayıblar? Bizim həyatımızın 10-15 ili bu mübarizəyə gedib”.

ADP sədri R. Quliyevin “Rusiya Federasiyası, başda Yeltsin olmaqla SSRİ-nin tərkibində qalmağa razılıq verən respublikaları zorla sovetdən çıxarmağı artıq hüquqi sənədlərlə təsdiqləməyə hazırlaşırdı” fikrinə də münasibət bildirib: “Boris Yeltsin hakimiyyətə gələnə qədər SSRİ-ni başdan-ayağa xalq hərəkatı bürümüşdü. Onda da Yeltsin hələ Mərkəzi Komitədən çıxmamışdı. Hərəkatlar vüsət aldıqdan sonra Yeltsin gördü ki, artıq hər yerdə insanlar Kommunist Partiyasının siyasətinə etiraz edir. Bundan sonra Mərkəzi Komitədən istefa verərək müxalifətə keçdi”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da APA-ya bildirib ki, R. Quliyevin xalq hərəkatının liderləri barədə dediyi fikirlər əsassızdır: “Hər dövrdə müstəqillik uğrunda mübarizə aparan insanlar qəhrəman olub. İndi danışmaq asandır, igidlik odur ki, o vaxt gəlib xalq hərəkatına qoşulaydı. Ona görə də, Rəsul Quliyevin bu vaxtdan sonra xalq hərəkatını tənqid etməyə heç bir haqqı yoxdur. Həm 1918-ci il hərəkatına, həm 1988-ci il və 1991-ci il müstəqillik aktına böhtan atmaq istəyən o qədər qüvvələr var ki... Amma bunun heç bir mənası yoxdur, çünki bu bir tarix idi və hərəkatın iştirakçısı olan adamlar da həm 1918-ci ildə, həm də 1991-ci ildə qəhrəman olublar. Həmin dövrlərdə Azərbaycanın müstəqilliyini istəməyən, buna qarşı olan qüvvələr çox idi və bu qüvvələrə qarşı mübarizə aparan qəhrəmanlarımız vardı. Biz atalarımızın, babalarımızın zəhmətinin üzərindən niyə bu qədər asanlıqla xətt çəkirik? Bu kimə xidmət etməkdir?”.

Xatırladaq ki, ACP lideri özünün “Facebook” səhifəsində Azərbaycanda olan bəzi müxalifət liderlərinin fəaliyyətini tənqid edərək, onları heç bir iş görməməkdə ittiham edib: “Özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ni keçməsinə baxmayaraq, gördükləri işləri ardıcıllıqla toplasan bir vərəq kağıza sığışar. Bu adamlar kiminsə atdığı və real nəticə verən işlərini öz adına çıxmaqda ustadıdırlar. Məsələn, 1991-ci il avqust çevrilişindən sonra SSRİ-nin tərkibindən çıxmamış, əksinə referendumda bu dövlətin tərkibində qalmağa 78 faiz səs vermiş respublikaları Rusiya zorla SSRİ-dən çıxartmaq haqqında hüquqi sənədlər hazırlayırdı. 1989,1990, 1991-ci ilin avqust putçuna qədər SSRİ-dən həqiqətən çıxanlar, referendumda iştirak etməyənlər, o cümlədən bizim qonşular Gürcüstan və Ermənistan öz istiqlaliyyətlərini zorla əldə etdiklərini demirlər. Zorla SSRİ-dən qovulan respublikaların ölkəni azad edən (haradan və kimdən azad etdikləri məlum deyildi, çünki artıq sovetlər dağılmışdı. Sovetləri yaradan Kommunist Partiyası avqust 1991-ci ildən artıq yox idi) ''qəhrəmanları'' 20 ildir bu qəhrəmanlıqlarından danışır. 1918-ci ildə bolşeviklər Rus imperiyasını süquta uğratdıqdan sonra onların nəzarət etmədiyi ərazilərdə Ukrayna, Belarus, Cənubi Qafqaz və Türküstan respublikalarının yaradılması heç bir ölkədə şişirdilmir, ancaq bizim qəhrəmanlar o vaxtkı liderlərin də işinə şərik çıxır, özlərini kimlərinsə davamçısı elan edirlər. Soruşuram, 1918-ci ilin mayında Azərbaycanın yaranmamaq şansı var idimi? Cavab bir mənalıdır. Xeyr. Birinci dünya müharibəsi gedirdi və Azərbaycana sahib çıxan ölkə yox idi. Ermənilər 1918-ci illə fəxr edə bilərlər. Bir kvadratmetr belə ərazisi olmayan ermənilər ərazisiz Ermənistanın yarandığını elan etdilər. Sonradan Azərbaycan torpaqlarını, o cümlədən 90 faiz azərbaycanlı yaşayan İrəvanı yeni dövlətə qatıb Ermənistan elan etdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR