AMEA prezidenti Norveçin Azərbaycandakı səfiri və “Statoil-Azərbaycan” şirkətinin prezidenti ilə görüşüb - FOTO

AMEA prezidenti Norveçin Azərbaycandakı səfiri və “Statoil-Azərbaycan” şirkətinin prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 28 oktyabr 2014 09:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Norveç Krallığının Azərbaycandakı səfiri Bard İvar Svendson və “Statoil-Azərbaycan” şirkətinin prezidenti Tangi Kosmao ilə görüşüb.

AMEA-dan APA-ya verilən məlumata görə, A.Əlizadə bildirib ki, Azərbaycan elmi sovet dövründə müəyyən sərhədlər çərçivəsində mövcud idisə, müstəqillik bərpa olunduqdan sonra Avropa və Amerika qitələrində də tanınmağa başlayıb: “Bu, Norveçlə elmi əlaqələrin inkişafına da şərait yaradıb. Əlaqələrin inkişafında AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə “Statoil” şirkəti arasında əməkdaşlıq xüsusi rol oynayır. Neft geologiyasının tədqiqinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində mühüm tədqiqatlar aparılıb və səmərəli nəticələr əldə edilib. Hazırda əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

T.Kosmao “Statoil” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində, xüsusən də Abşeronun şimalındakı tədqiqatlarda GGİ-nin böyük rol oynadığını vurğulayıb. “Azəri-Çıraq-Günəşli”dən sonra yeni neft yataqlarının tapılmasının vacibliyini qeyd edən qonaq rəhbəri olduğu şirkətin son vaxtlar diqqəti bu istiqamətə yönəltdiyini söyləyib. Əlavə olaraq bildirib ki, “Statoil” Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə də əməkdaşlıq edir. T.Kosmao gələcəkdə elm və texnologiya sahəsində birgə innovativ tədqiqatların inkişafı üçün təkliflər formalaşdırmağı məqsədəuyğun hesab edib.

Azərbaycana yeni təyin olunmuş səfir B.Svendson iki ölkə arasında mövcud elmi əlaqələrdən danışıb. O qeyd edib ki, səfirlik fəaliyyətini elmi istiqamətlərdə də davam etdirmək niyyətindədir. Səfir “Statoil”un Azərbaycandakı fəaliyyətindən, yerli şirkətlərlə əməkdaşlığından məmnunluğunu ifadə edib.

Görüşdə azərbaycanlı gənc alim və mütəxəssislərin Norveçdə doktorantura və ixtisasartırma təhsili alması barədə təklif irəli sürülüb və qəbul olunub.

Görüşün sonunda A.Əlizadə norveçli nümayəndələri Azərbaycanda ilk dəfə 10-11 noyabr tarixlərində keçiriləcək “Bakı Elm Festivalı-2014”-ə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR