TQDK "Jurnalistika" ixtisasına qəbulla bağlı iradlara münasibət bildirib

TQDK "Jurnalistika" ixtisasına qəbulla bağlı iradlara münasibət bildirib
# 05 avqust 2015 14:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son günlər bəzi mətbuat orqanlarında “Jurnalistika" ixtisasına qəbulla bağlı iradlara münasibət bildirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanda ali təhsil müəssisələrinin "Jurnalistika" ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul 2013-cü ilədək ali təhsil müəssisələrinə keçirilən test imtahanının nəticəsinə əsasən aparılıb: “2014-cü ildən başlayaraq "Jurnalistika" ixtisasına qəbulda dəyişiklik edilərək qabiliyyət imtahanları tətbiq olundu. Həmin ilin əvvəlində Mətbuat Şurası tərəfindən TQDK-ya "Jurnalistika" ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunub, bu məsələ ilə bağlı hər iki qurumun mütəxəssisləri tərəfindən geniş müzakirə aparılıb, xüsusi işçi qrupu yaradılıb, imtahanın keçirilməsi qaydaları və qiymətləndirmə meyarları hazırlanıb. Dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmiş və müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlərdən təqdim olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunurdu”.

Məlumatda bildirilir ki, qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse mövzuları 200-dən çox mövzu içərisindən seçilib: “Mövzular əhatə etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünüb. Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik, millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik, insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid, üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli mövzular daxil edilib. Abituriyentlərə hər qrupdan 1 mövzu olmaqla 3 mövzu təqdim edilib və onlar istəklərinə uyğun olaraq bu mövzulardan birini seçməklə esse yazıblar. Qeyd edək ki, esse mövzularının əksəriyyəti, essenin yazılmasına qoyulan tələblər və esselərin qiymətləndirilməsinə aid nümunələr TQDK-nın internet saytına yerləşdirilib ki, abituriyentlərdə bunlarla bağlı aydın, əyani təsəvvür formalaşsın”.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb: “Bütün imtahan prosesi əvvəldən axıradək TQDK-nın inzibati binasında yaradılmış qərargahda canlı yayımlanıb. Eyni zamanda, essenin qiymətləndirilməsi üçün qiymətləndirmə meyarları işlənib hazırlanıb. Meyarlarda mövzunun strukturunun, mövzunun yaradıcı şəkildə şərhinin və əhatə səviyyəsinin, fikrin fakt və sitatlardan istifadə edilməklə əsaslandırılmasının, söz ehtiyatının zənginliyinin və üslubun orijinallığının, dil qaydalarının ayrılıqda qiymətləndirilməsi tələbləri nəzərdə tutulmuşdur. Başqa sözlə, esse yoxlanarkən 5 istiqamət üzrə meyarlar əsas tutulub və bu istiqamətlərin hər biri üzrə qiymətləndirmə ayrıca aparılır”.

Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin təyin olunan meyarlar əsasında yoxlanması markerlər (ekspertlər) tərəfindən həyata keçirilir: “2015-ci ildə esseləri yoxlayacaq markerlərlə 22 iyul tarixindən 29 iyul tarixinədək praktik treninqlər keçirilib. Treninqlərdə 2014-cü ildə keçirilmiş qabiliyyət imtahanının real esselərindən etalon esselər seçilib, bu esselərin hər bir istiqamət və yekun qiymət üzrə etalon qiymətləri və qiymətləndirmə meyarları markerlərin hazırlanması və esselərin yoxlanılması üçün yazılmış proqrama daxil edilib. Treninqlərə Mətbuat Şurası tərəfindən təqdim olunmuş jurnalistlər və jurnalistika sahəsində pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər (siyahı 70 addan ibarətdir), həmçinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri (abituriyentlər orta məktəbin məzunları olduğu üçün müəllimlərin bu prosesdə iştirakı məqsədəuyğundur) dəvət ediliblər. Mətbuat Şurasının təqdim etdiyi 70 mütəxəssisdən 44-ü müxtəlif səbəblərdən (səhhəti ilə, məzuniyyətdə olması ilə, işinin çoxluğu ilə bağlı, əlaqə yaradılması mümkün olmadığı üçün və s.) treninqdə iştirakdan imtina edib. Qalan 26 mütəxəssisdən 16-sı və 80-ə qədər Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 57-si treninqi müvəffəqiyyətlə keçib (treninqdən keçə bilməyənlərin bir neçəsi kompüterlə işləyə bilmədiklərini səbəb gətirib, müəyyən hissəsi meyarla işləməyib, esseni fərdi yanaşmaları ilə qiymətləndiriblər)”. Bu il esselərin yoxlanılması prosesinə treninqdən müvəffəqiyyətlə keçmiş 15 jurnalist (1 mütəxəssis yoxlamada iştirakdan imtina edib) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb edilib. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1 Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilib. Hər iki markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul" ilə qiymətləndirilib. Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə verilib. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti "məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul" ilə qiymətləndirilib”.

Bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent qeydiyyatdan keçib: “Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edib, imtahanda iştirak edənlərin 341 nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Qabiliyyət imtahanında iştirak edən 163 abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus bölməsi) idi.

Qəbul imtahanında iştirak etmiş 492 abituriyentin topladıqları bal intervalları üzrə məlumatlar verilib. 600-dən çox bal toplayan abituriyentlər ümumiyyətlə qabiliyyət imtahanına gəlməyib, 500-600 intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli deyillər.

TQDK-nın internet saytında və "Abituriyent" jurnalında "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən şəxslər üçün ardıcıl olaraq məlumatlandırıcı və maarifləndirici materiallar (qaydalar, elanlar, mövzular, meyarlar və s.) təqdim edilib. Hesab edirik ki, aidiyyəti qurumlar da (müvafiq ixtisasın mövcud olduğu ali təhsil müəssisələri, Kütləvi İnformasiya Vasitələri və onların təmsil olunduğu qurumlar və s.) peşəyönümü istiqamətində sistemli iş aparmalıdırlar.

İmtahanda iştirak etmiş hər bir abituriyentin esselərinin qrafik təsvirləri nəticələr elan olunarkən TQDK-nın internet səhifəsində yerləşdirilib. “Məqbul” və “qeyri-məqbul” ilə qiymətləndirilmiş esselərlə Komissiyanın internet saytından tanış olmaq mümkündür”.

Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10-dan 17-dək) apelyasiya komissiyası fəaliyyət göstərir. Apelyasiya komissiyasına imtahan nəticələri ilə bağlı cəmi 8 abituriyent müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR