Andris Berzinş: “Latviya Azərbaycan-Avropa Birliyi münasibətlərində körpü ola bilər” - EKSKLÜZİV - FOTOSESSİYA

Andris Berzinş: “Latviya Azərbaycan-Avropa Birliyi münasibətlərində körpü ola bilər” - <span style="color: red;">EKSKLÜZİV  - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2013 15:21 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Hazırda Latviya ilə Azərbaycan arasında əməkdaşlığın güclü bazası yaradılıb, hər iki ölkə müəyyən inkişaf səviyyəsinə çatıb və daha irəli getmək üçün yaxşı perspektivlər var”. Bu sözləri APA-ya müsahibəsində Latviya prezidenti Andris Berzinş deyib.

A. Berzinş bildirib ki, Latviya bütün sahələrdə, o cümlədən təhsil və mədəniyyət sahələrində Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlıdır: “Bu sahələri inkişaf etdirmək lazımdır. Biznes öz yolunu tapacaq. Hələlik rəqəmlər, yumşaq desək, bir az sadə olsa da, düşünürəm ki, bir müddət sonra yüksələcək. Hər şey bizim əlimizdədir”.

Latviya prezidenti qeyd edib ki, ölkəsi Avropa Birliyinin üzvü kimi Azərbaycanın Avropaya inteqrasiyasına dəstək verə bilər: “Biz Avropa Birliyinin üzvü kimi Azərbaycanın bu qurumla münasibətlərində körpü ola bilərik. Ölkələrimiz arasında tarixi əlaqələr və dil imkanları da var, insanlar arasında əlaqələr qurulub. Biz bir çox məsələni eyni cür anlayırıq və bu, çox yaxşıdır”.

A. Berzinşin sözlərinə görə, Latviya vaxtilə Avropa dəyərlərini götürərək mənimsəyib və müxtəlif sahələrdə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. O, Azərbaycana səfərinin nəticələri ilə bağlı çox müsbət təəssüratları olduğunu söyləyib: “Əlbəttə, səfərin nəticələri haqda bir müddət sonra fikir yürütmək olar. Mən hələlik yalnız öz təəssüratlarım haqda danışa bilərəm. Bu təəssüratlar çox yaxşıdır. Nümayəndə heyətinə 80-ə yaxın iş adamı və 4 universitet rektorunun daxil olması öz-özlüyündə nəsə deyir. Hesab edirəm ki, əldə olunan nəticələr yaxşı olacaq”.

Qonaq səfər zamanı enerji, nəqliyyat, aviasiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğulayıb: “Latviyanın təbii zənginliyi meşələridir. Ölkə ərazisinin yarıdan çoxu meşə örtüyü ilə örtülüb. Meşə sənayesində yeni texnologiyaların tətbiqi, tankerlərlə sıxılmış qazın nəqli qarşılıqlı maraq doğuran məsələlərdir”.

Azərbaycanla Latviyanın ZUBR konteyner daşımaları layihəsində iştirakının mümkünlüyü də müzakirə mövzusu olub. A. Berzinş bəyan edib ki, ölkəsi enerji layihələrinə açıqdır və bunda maraqlıdır, lakin Azərbaycanla başqa sahələrdə, xüsusən təhsil və humanitar sahədə də əməkdaşlığı inkişaf etdirmək istəyir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR