Nazir: “Ukrayna Donetsk və Luqansk şəhərlərini separatçılardan hərbi yolla deyil, danışıqlarla almaq niyyətindədir”

Nazir: “Ukrayna Donetsk və Luqansk şəhərlərini separatçılardan hərbi yolla deyil, danışıqlarla almaq niyyətindədir”
# 30 iyul 2014 10:15 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna hökuməti ölkənin şərqindəki Donetsk və Luqansk şəhərlərini separatçılardan hərbi yolla deyil, danışıqlarla almaq niyyətindədir.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu agentliyə müsahibəsində Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

Nazir qeyd edib ki, Donetsk vilayətində həyata keçirilən son əməliyyatlarda 19 nəfər ölüb, 31 nəfər yaralanıb: “Biz bu şəhərlərə hücum etməyəcəyik. Ukrayna hakimiyyəti bu əraziyə nəzarətini siyasi proseslər yolu ilə qaytarmağa çalışır, hərbi yolla yox. Biz bölgələrdə daha çox azadlıq, daha çox səlahiyyətlər, yerlərdə siyasi və iqtisadi hakimiyyət təqdim etməyə hazırıq”.

O, Ukraynada zorakılığa son verilməsi ilə bağlı keçirilən yeni beynəlxalq konfrans barədə də danışıb və bu ideyanı ABŞ-ın dövlət katibi Con Kerri ilə müzakirə etdiyini qeyd edib.

Klimkin, Kiyevə ABŞ və Avropa Birliyinin eyni mövqedən çıxış etməsinə dair “aydın siqnalla” qayıtdığını deyərək, bu dəstəkdən məmnun qaldığını dilə gətirib.

Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı suala isə Ukrayna XİN başçısı belə cavab verib: “Hazırda NATO-ya üzvlük gündəmdə deyil. Bu məsələ ilə bağlı Ukrayna cəmiyyətində hələ konsensus yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR