Yekaterinburqda 27 yaşlı azərbaycanlının erməni tərəfindən qətlə yetirilməsi ilə bağlı saxlanılan 4 nəfər sərbəst buraxılıb

Yekaterinburqda  27 yaşlı azərbaycanlının erməni tərəfindən qətlə yetirilməsi ilə bağlı saxlanılan 4 nəfər sərbəst buraxılıb
# 21 aprel 2015 16:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunun qətli ilə bağlı saxlanılanlardan 4 nəfəri azadlığa buraxılıb. APA-nın Rusiya bürosunun məlumatına görə, 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun qətli ilə bağlı Sverdlovsk vilayəti İstintaq Komitəsinin Çkalov rayonu üzrə istintaq şöbəsində başlanan cinayət işi üzrə saxlanılan 5 nəfərdən biri Tiqran Çiçakyan barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Saxlanılan digər şəxslər, o cümlədən Tiqran Çiçakyanın qardaşı Andranik sərbəst buraxılıb.

İstintaq Komitəsindən Emil Hüseynovun qətli ilə bağlı saxlanılan şəxslərin sərbəst buraxılmasının səbəbləri barədə məlumat verilməyib.

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk vilayəti üzrə regional bölməsinin rəhbəri Şahin Şıxlinski APA-ya açıqlamasında Emil Hüseynovun qətli ilə bağlı saxlanılan şəxslərdən 4 nəfərinin sərbəst buraxıldığını təsdiqləyib. O bildirib ki, istintaq tərəfi onların sərbəst buraxılması məsələsinə hələlik aydınlıq gətirməyib: “Cinayət işi ilə bağlı saxlanılan və cinayət məsuliyyətinə cəlb olunan şəxsdən başqa bir nəfər də axtarışa verilib. Bu gün Çkalov rayonunun İstintaq Komitəsinin rəhbəri Roman Kaşin, ombudsman Tatyana Merzlyakova və Şəhər Administrasiyasının aparat rəhbəri Sergey Prestroninlə görüşümüz oldu. Onlar Emil Hüseynovun qətli ilə bağlı cinayət işinin nəzarətdə olduğunu söylədilər. Qətldə əli olanların cinayət məsuliyyətinə cəlb olunacağından əmin olmağımızı istədilər”.

Şahin Şıxlinski şəhərdəki erməni diasporunun da məsələdən narahat olduğunu söyləyib: “Ermənilər burda azərbaycanlılardan sayca 20 dəfə azdırlar. Azərbaycanlılar sakitləşdirmək çox çətindir. Ona görə də buradakı ermənilər narahatdırlar. Erməni diasporu qətldə əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün əlindən gələni edəcəklərini söyləyib”.

Qeyd edək ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovski rayonunun Alpinistov küçəsində yerləşən kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emil Hüseynov adlı azərbaycanlının ürəyindən bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub. İstintaq Komitəsi tərəfindən faktla bağlı cinayət işi başlanıb, qətldə təqsirləndirilən milliyyətcə erməni 1992-ci il təvəllüdlü Tiqran Çiçakyan saxlanılıb. Çiçakyanın əvvəllər məhkumluq həyatı yaşadığı da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR