Mübariz Qurbanlı Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb

Mübariz Qurbanlı Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb
# 12 mart 2015 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Türkiyə baş nazirinin baş müşaviri Hacı Bəkir Karlığanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədri Mübariz Qurbanlı bildirib ki, Türkiyənin türk-müsəlman dövləti olaraq Sivilizasiyalar Alyansının yaradılmasında və fəaliyyətində böyük rolu var.

O qeyd edib ki, qloballaşan dünyada sivilizasiyaların anlaşması və dialoqu olduqca mühüm məsələdir.

Türkiyəli qonaq isə bildirib ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və iki ölkənin kədəri də, sevinci də eynidir. Sonra o, BMT Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulan VII Qlobal Forumu ilə bağlı fikirlərini bölüşüb. Hacı Bəkir Karlığa qeyd edib ki, iki qardaş ölkənin bilik və təcrübə mübadiləsi ümumi işimizə böyük fayda verəcək: “Azərbaycanın dünyada tolerantlıq və multikulturalizmi dövlət səviyyəsində yürüdən bir ölkə olaraq belə bir Foruma ev sahibliyi etməsi çox vacibdir. Bu cür forumların keçirilməsi sahəsində Azərbaycan böyük təcrübəyə malikdir”.

Daha sonra 127 ölkənin iştirak edəcəyi Forumda Azərbaycanın yüksək səviyyədə təqdimatı, Dövlət Komitəsinin bu sahədə görə biləcəyi işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Türk və İslam dünyasının dünya elminə və mədəniyyətinə saysız-hesabsız töhfələr verməsi, dünya mədəniyyət tarixində böyük rolu olması kimi vacib məqamların yüksək səviyyəli tədbirlərdən dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR