Gələn il Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sistemi istifadəyə veriləcək - FOTO

Gələn il Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sistemi istifadəyə veriləcək - <font color=red>FOTO</font>
# 28 fevral 2012 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda elektron xidmətlər sahəsində və daşınmaz əmlak sektorunda həyata keçirilən layihənin - Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması ilə bağlı təqdimat keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, layihənin əsas məqsədi ölkədə ünvan məlumatlarının vahid və dürüst bazasının yaradılması, ünvan məlumatlarının toplanılması və mütəmadi yenilənməsinin təmin edilməsi, bu sistemdən digər əlaqədar dövlət qurumlarının, bələdiyyələrin və vətəndaşların istifadəsinə şəraitin yaradılmasıdır.

R.Cəlilovun sözlərinə görə, sistemin yaradılması işlərinin satın alınması üzrə açıq tender elan edilib və tender nəticəsində irəli sürülmüş tələblərə cavab verən Koreyanın «SK C & C Co.LTD» şirkəti qalib gəlib: «Yaradılacaq Ünvan Reyestrinin məlumatlarının dövlət və qeyri-hökumət müştərilərinə paylanılması internet xidmətlərindən istifadə etməklə sistemlərarası kommunikasiya vasitəsilə həyata keçiriləcək. Sistem Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında və onun regional ofislərində fəaliyyət göstərən Ünvan Reyestri üçün nəzərdə tutulan bütün məlumatları, komponentləri və funksiyaları əhatə edir. Sistem komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaq və mərkəzləşdirilmiş formada texniki xidmət göstəriləcək. Nəticə etibarilə bu məlumat bazası bütövlükdə Azərbaycan bütün ünvanlarının saxlanılması üçün istifadə ediləcək. Belə ki, sistemin ümumi konsepsiyasına əsasən Ünvan İnformasiya Sistemi mərkəzləşdirilmiş bir sistem olacaq. Bütün istifadəçilərin ünvan məlumatı üçün nəzərdə tutulan mərkəzi serverdən istifadə imkanı yaranacaq».

R.Cəlilov qeyd edib ki, bu imkan dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə reallaşacaq: «Bütün ünvan məlumatları ümumi mərkəzi məlumat bazasında saxlanılacaq. Bütün proqramlar mərkəzi serverə yüklənəcək və həmin mərkəzdən idarə olunacaq. Ünvan reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri və nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi və dəyişdirilməsinin əsasları və tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanacaq. Bu məlumatlar həm mətn, həm də ünvan-xəritə materialları şəklində saxlanılacaq».

Daha sonra “SK C & C Co.LTD” şirkətinin nümayəndəsi tərəfindən layihə üzrə geniş təqdimat keçirilib.

Qeyd edək ki, Azərbaycanda Ünvan Reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan hökuməti ilə Norveç hökuməti arasında ünvan reyestrinin yaradılması məqsədilə qrant sazişi imzalanıb. Bu sazişə görə 1,5 il ərzində Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur.

Layihə üzrə işlər 2012-ci ilin avqust ayında tamamlanacaq və 2013-cü ilin yanvarından sistem tam istifadəyə veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR