Azərbaycanda orta məktəblərdə buraxılış imtahanlarının həyata keçirilməsinin müvəqqəti qaydaları təsdiq edilib

Azərbaycanda orta məktəblərdə buraxılış imtahanlarının həyata keçirilməsinin müvəqqəti qaydaları təsdiq edilib
# 11 may 2012 16:33 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Komissiya sədri Məleykə Abbaszadə bununla bağlı qərar imzalayıb. Qeyd olunub ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

Qərara əsasən, ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. Bir sıra fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi üçün TQDK tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının məzmunu “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”na uyğun olaraq TQDK tərəfindən müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası həmçinin TQDK tərəfindən müəyyən edilir.

İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumat bazası Təhsil Nazirliyi tərəfindən TQDK-ya təqdim edilən məlumatlar əsasında formalaşdırılır. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir. Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada TQDK-da baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər TQDK tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

Qərarda o da qeyd edilib ki, ümumi orta təhsil səviyyəsində imtahana buraxılan şagirdlərə illik qeyri-kafi qiymət aldıqları imtahan aparılmayan fəndən yay tədris tapşırığı verilir. Belə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi TQDK tərəfindən onların yay tədris tapşırığını yerinə yetirməsindən sonra aparılır. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında qeyri-kafi qiymət alan şagirdlər həmin fəndən buraxılış imtahanını payızda verirlər. Ümumi orta təhsil səviyyəsində üzrsüz səbəbdən buraxılış və payız imtahanlarında iştirak etməyən, yay tədris tapşırığından və ya payız imtahanının ən azı bir fənnindən qeyri-kafi qiymət alan ümumi orta təhsil səviyyəsinin buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi aparılmır və onlara ümumi təhsil müəssisələrində oxumalarına dair qanunvericiliklə müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır. Belə şagirdlər sonradan ümumi orta təhsil səviyyəsini eksternat qaydasında başa vura bilərlər. Ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində payız imtahanları TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada sentyabrın 15-dək bu qaydalar əsasında keçirilir. Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar. Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan, buraxılış imtahanından ən azı bir fəndən qeyri-kafi qiymət alan, habelə üzrsüz səbəbdən imtahanda iştirak etməyən buraxılış sinif şagirdlərinə ümumi təhsil müəssisələrində oxumalarına dair vahid formada arayış verilir. Arayışda şagirdin bütün fənlər üzrə illik və ya yekun qiymətləri yazılır. Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR