Arif Hacılı: “Çalışacağam ki, Müsavat bütün dövrlərdə olduğundan daha güclü təşkilata çevrilsin” - MÜSAHİBƏ

Arif Hacılı: “Çalışacağam ki, Müsavat bütün dövrlərdə olduğundan daha güclü təşkilata çevrilsin” - <font color=red>MÜSAHİBƏ</font>
# 13 fevral 2012 10:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hazırda həbsdə olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya başqanının müavini Arif Hacılının APA-ya müsahibəsi

- Müsavat Məclisinin sədri Arzu Səmədbəyli belə bir açıqlama verib ki, Müsavat Partiyasında hamının, hətta bir-birini qəbul etməyən şəxslər də daxil olmaqla hər kəsin qəbul etdiyi yeganə lider var və bu şəxs İsa Qəmbərdir. Siz necə düşünürsünüz, İsa Qəmbərdən sonra başqan olub hər bir müsavatçının qəbul edəcəyi şəxsə çevrilmək olarmı?

- Müsavat Partiyasının Nizamnaməsində partiya başqanı olmaq üçün hər bir partiya üzvünün səsini almaq tələbi yoxdur. Demokratik quruluşda hamının bir nəfəri qeyd-şərtsiz qəbul etməsi mümkün də deyil. Bir zamanlar Məhəmməd Əmin Rəsulzadə kimi lideri qəbul etməyənlər də olub. Hətta onun partiyadan xaric edilməsi təklifləri müzakirəyə çıxarılıb. Demokratik idarəçilikdə belə məsələlərə normal yanaşmaq, sakit qəbul etmək lazımdır. Partiya üzvlərinin, partiyanın gələcəyi olan gənclərin, qadınların, partiyada resurs yaradanların mütləq əksəriyyətinin sevgisini və inamını hiss etməsəm, namizədliyimi irəli sürmərəm. Partiya üzvlərinin inamı mənim üçün çox önəmlidir. Məncə, müsavatçılar bilir ki, “sinəm olan yerdə kürəyimi gülləyə vermərəm”. Dar gündə onların yanında, mübarizə meydanında isə önündə olacağam.

Başqanlığa namizədliyimi irəli sürmək barədə düşünərkən özümə münasibətdə hansı nəticələrə nail olacağım barədə yox, mənim başqanlığımın təşkilat və cəmiyyət üçün hansı nəticələrinin olacağı barədə düşünürəm. Mənim Məhəmməd Əmin Rəsulzadə, yaxud İsa Qəmbər çəkisində siyasi lider olmaq iddiam yoxdur. Ancaq mən çalışacağam ki, Müsavat bütün dövrlərdə olduğundan daha güclü təşkilata çevrilsin, daha ciddi nəticələrə nail olsun. Namizədimizin 2013-cü il seçkilərində qələbəsi ilə bu istəyimin reallaşması tamamilə mümkündür.

- Arzu bəy həmçinin deyib ki, “...Əgər qurultay nümayəndələrinin əksəriyyəti məhdudiyyət müddəasının çıxarılmasını və onun təkrar başqanlığını istəyəcəksə, düşünürəm İsa Qəmbər öz əqidədaşlarına, tərəfdarlarına, ona bu qədər inam, etibar göstərən insanlara sayğı ilə yanaşacaq”. Onun bu açıqlamasını dəstəkləyənlər də olub. Siz bu barədə nə düşünürsünüz?

- Bu mövzu artıq 10 ilə yaxındır ki, müzakirə olunur. Məncə, bütün arqumentlər və əks-arqumentlər dəfələrlə deyilib. Mövzu tükənib. Əvvəllər olduğu kimi, indi də vəziyyət elədir ki, Nizamnamənin dəyişilib-dəyişilməməsi haqda qərarın qəbul edilməsi İsa Qəmbərin özünün bu məsələdə mövqeyindən asılıdır. Ona görə də, bu mövzuda edilən canfəşanlığı bir müsahibəmdə “açıq qapını sındırmaq cəhdi” kimi qiymətləndirmişəm.

- Müsavat Partiyasının VIII qurultayını mart ayında keçirməyərək, qurultayı təxirə salmağı təklif edənlər də var. Başqa təkliflər də var ki, qurultay keçirilsin, lakin başqanlıq seçkisi təxirə salınsın. Bu təklifləri necə qarşılayırsınız?

- VIII qurultayla bağlı opponentlərimizin və bəzi dostlarımızın narahatçılığı başa düşüləndir. Müsavatda yalnız başqan dəyişikliyi yox, nəsil dəyişikliyi prosesi gedir. Opponentlərimiz bu prosesin iflasa uğramasına, dostlarımız isə uğurla keçməsinə çalışır. Mən partiyanın gözlənilən sınaqdan uğurla çıxacağına inanıram.

- Sizcə, İsa Qəmbərin başqanlıqdan getməməsi Müsavatın demokratik partiya imicinə necə təsir göstərəcək?

- İstənilən islahatın üstün cəhətləri ilə yanaşı, fəsadları da olur. Məhz bu amil konservativ düşüncəli insanları islahatlardan çəkindirir. İslahatlar olmadan inkişaf da mümkün deyil. Bəşəriyyəti islahatlardan çəkinməyən, eyni zamanda atdıqları addımların üstünlüklərinin fəsadlarından çox olacağını qabaqcadan hesablamağı bacaran adamlar irəliyə aparır. İsa bəy də belələrindəndir. Ona görə də onun qəbul etdiyi və ya edəcəyi qərarlardan narahat deyiləm.

- Dünya praktikasında bir nəfərin iki dəfədən artıq partiya sədri seçilməsinin qadağan edilməsi halına demək olar ki, rast gəlinmir. Necə düşünürsünüz, Müsavat Partiyası Nizamnaməyə belə bir bənd salmaqla özünü çətin duruna salmayıbmı? Ümumiyyətlə, partiya Nizamnaməsinə belə bir bəndin salınmasına nə ehtiyac vardı? Bunu yanlış, gələcəyə düzgün hesablanmayan addım hesab edirsinizmi?

- Bu qərar VI qurultayda İsa Qəmbərin təklifi və qurultay nümayəndələrinin yekdil səsi ilə qəbul olunub. Qəbul edildiyi anda bu qərarın düzgünlüyünə heç kim şübhə etmirdi. Biz fəxr etməliyik ki, bir çox digər demokratik ənənələr kimi, bu ənənəni də Azərbaycana ilk olaraq Müsavat gətirdi. Bu islahatın da yaratdığı fəsadların gətirdiyi üstünlüklərin kölgəsində qalacağına və tezliklə aradan qaldırılacağına əminəm.

- Əgər Müsavat Partiyasına yeni başqan seçilərsə, Siz İsa Qəmbəri hansı statusda görürsünüz?

- İsa Qəmbər partiya başqanlığı da daxil olmaqla istədiyi, razı olduğu hər statusu almaq imkanına malikdir.

- Kimi 2013-cü ilin prezident seçkilərində müxalifətin əsas namizədi kimi görmək istərdiniz?

- Partiyanın qurultayında 2013-cü ilin prezident seçkilərində Müsavat Partiyasının namizədi kimi İsa Qəmbərin namizədliyinin irəli sürülməsi təklifi verilib. Biz onu müxalifətin əsas namizədi yox, vahid namizədi olmasına çalışacağıq.

- Hazırda saxlanma şəraitiniz necədir və boş vaxtlarınızda əsas məşğuliyyətiniz nədən ibarətdir?

- Saxlanma şəraitimiz bütün digər məhbusların saxlanma şəraitinə uyğundur. Vaxtımı əsasən mütaliə ilə və məhbəs yoldaşlarımla ünsiyyətdə keçirirəm. Bu cəzaçəkmə müəssisəsi də əksər digər cəzaçəkmə müəssisələri kimi sovet dövründən qalmadır. Bəzi kommunikasiya və darısqallıq problemləri var. Çoxdan vəd olunsa da, nədənsə artıq hazır vəziyyətdə olduğu bəyan edilən cəzaçəkmə müəssisələri istifadəyə verilmir.
Azərbaycan dövlət büdcəsinin 17 milyard manatı keçməsi ilə öyünənlər cəzaçəkmə müəssisələrinin müasir standartlara cavab vermədiyini, bu cəzaçəkmə müəssisələrində on minlərlə Azərbaycan vətəndaşının əziyyət çəkdiyini, başlıcası isə onların insanlıqdan deyil, azadlıqdan məhrum olduqlarını nəzərə almalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR