Mirmahmud Mirəlioğlu: “Müsavat Partiyasının bu məsələyə qarışması baha başa gələ bilər”

Mirmahmud Mirəlioğlu: “Müsavat Partiyasının bu məsələyə qarışması baha başa gələ bilər”
# 08 oktyabr 2012 12:14 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu partiya daxilində fraksiya yaradılması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bütün məsələlər Ali Məclisin qapalı keçirilən sessiyasında əsas məğzi üzrə müzakirə edilib: “Ali Məclisin bu gün də dəyərləndirməsi olacaq və İdarə Heyətinin müvafiq açıqlamaları olacaq. Fraksiyanın təsisçilərinin partiyadan çıxarılması məsələsi isə müzakirə mövzusu olmayıb. Əlavə təkliflər isə var, digər məqamlar nəzərdən keçirilib və qərarlarımız da mövcuddur”.

M.Mirəlioğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanması, o cümlədən korrupsiya ilə bağlı cinayət işinə cəlb olunması haqda xəbərlərdən də danışıb: “Bu haqda hər hansı mənbədən oxumasam da, dostlar məlumat verib. Məncə, bu, bir sıra insanların, qurumların, təşkilatların arzularıdır və niyyətləridir ki, bu şəkildə ifadə edirlər. Mən İdarə Heyətində partiya rəhbərliyində təmsil olunan şəxslərdən məzuniyyətimlə bağlı vaxt istəmişəm. Bu, Nizamnaməyə də uyğun olub. Övladımın müayinəsi və sair məsələlərlə məşğul olmaq üçün bir aylıq məzuniyyətdə olmuşam. Bunu yazanlar ən azından həqiqətin dostu deyillər. Heç olmasa, həqiqəti yazsaydılar, yaxşı olardı”.

M.Mirəlioğlu məzuniyyət zamanı Azərbaycandan kənarda olmadığını da qeyd edib: “Bu müddət ərzində evimdə, Astaradan şimal sərhədlərinə qədər olan ərazidə xeyirdə və şərdə iştirak etmişəm. Bir də övladımın müalicəsi ilə məşğul olmuşam. Həmçinin ailə üzvlərimi xarici ölkəyə yola salıb və qarşılamışam. Pasportumu da göstərə bilərəm. İnformasiyada yazılanlar kimlərinsə arzularıdır. Təəssüf olsun ki, informasiyanın formalaşmasında, yayılmasında hörmət etdiyim insanlar da iştirak ediblər”.

M.Mirəlioğlu partiyanın müxalifət partiyaları ilə əlaqələrinə də toxunub: “Bu məsələ də İdarə Heyətinə tapşırılıb. Real müxalifət qüvvələri ilə inteqrasiyanın daha da genişləndirilməsi məsələsi gündəmdir. Partiya tək və bərabər məsafədə bütün qurumlarla inkişaf edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR