Bidzina İvanişvili əsas prioritetlərini elan edib: NATO və Avropa Birliyinə üzvlük

Bidzina İvanişvili əsas prioritetlərini elan edib: NATO və Avropa Birliyinə üzvlük
# 02 oktyabr 2012 14:13 (UTC +04:00)
Bakı – APA. “Bizim əsas marağımız NATO və Avropa Birliyinə üzvlüklə bağlıdır. Çünki Avropa Birliyindən daha yaxşı demokratik institut və NATO-dan daha yaxşı beynəlxalq təşkilat hələlik mövcud deyil. Lakin mən Gürcüstanın avroatlantik yolunu və Rusiya ilə yaxşı münasibətlər qurmağı bir-biri ilə uyğunlaşdıra bilərəm”. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanda oktyabrın 1-də keçirilən parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” siyasi koalisiyasının lideri, iş adamı Bidzina İvanişvili deyib.
Gürcüstan İctimai Televiziyasına müsahibə verən B. İvanişvili 2008-ci ilin avqustunda baş verən müharibədə Gürcüstanı günahlandırdığı haqda deyilənləri təkzib edib: “Mən heç vaxt müharibəni Gürcüstanın başladığını deməmişəm. Rusiya bir neçə əsr Qafqazdan keçib getməyə çalışıb, onlara hərbi müdaxilə üçün yalnız səbəb, əsas lazım idi və bunu Saakaşvili onlara verdi. O, əraziyə daha çox beynəlxalq müşahidəçi cəlb etmək yerinə ora hərbi texnika yığdı”.

İş adamı qeyd edib ki, Gürcüstanın Şimal Atlantika alyansına can atması nə qədər təbiidirsə, Rusiyanın bunu əngəlləmək istəməsi də o qədər təbiidir: “Hər ölkənin, o cümlədən Rusiyanın, Ermənistanın, Azərbaycanın, Türkiyənin və ABŞ-ın öz geosiyasi maraqları var.
Universal resept yoxdur, lakin biz ölkə daxilindəki problemlərin həllindən başlamalıyıq, demokratik institutların inkişafını təmin edərək öz ərazimizi həm NATO, həm də abxaz və osetin qardaşlarımız üçün cəlbedici etməliyik. Hələlik vəziyyət belədir ki, osetinlər və abxazlar Gürcüstanı cəlbedici saymır və bir çox ölkə vətəndaşı Gürcüstanı tərk edir”.

B. İvanişvilinin fikrincə, Gürcüstanın beynəlxalq arenada ən doğru inkişaf yolu bu olmalıdır ki, nə qədər Saakaşvili bu cür təqdim etsə də, ölkə beynəlxalq aləmdə heç vaxt əsas siyasi oyunçu olmayacağını dərk etməlidir: “Ona görə də biz Rusiya ilə ticarət və mədəniyyət əlaqələrini bərpa etməklə dialoqa başlamalı və doğru məqamı gözləməliyik - çünki əvvəl-axır Rusiya, hətta Çin Avropaya doğru can atmağa başlayacaqlar və Avropanın demokratik dəyərlərinə əsaslanmağa çalışacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR