Sabah Bakıda mitinq keçirmək niyyətində olan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

Sabah Bakıda mitinq keçirmək niyyətində olan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
# 16 mart 2012 16:17 (UTC +04:00)
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin üzvü Samir Əsədli bildirilib ki, görüşə mitinqin təşkilatçıları-Samir Əsədli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Səxavət Soltanlı, Rail Abbasov, Ülvi Həsənli və Cəmil Hacıyev hüquq-mühafizə orqanları tərəfindən isə BŞBPİ-nın rəis müavini Səhlab Bağırov, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev və digərləri iştirak ediblər.

Görüşdə mitinq təşkilatçılarına hüquq və vəzifələri izah edilib, bəzi tələb və xahişlər diqqətə çatdırılıb. Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri isə polisin mitinq zamanı aksiya iştirakçılarına qarşı diqqətli davranış nümayiş etdirməsini istəyiblər.

Qeyd edək ki, GHMK Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirməklə bağlı müraciət edib. Paytaxt meriyası müraciətə baxaraq, kütləvi aksiyanın keçirilməsi niyyətini müsbət qarşılayıb. İcra hakimiyyəti mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.

GHMK sabah saat 15.00-dan 17.00-dək paytaxt meriyasının mitinq üçün ayırdığı yerdə aksiya keçirməyə hazırlaşır.

Xatırladaq ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR