Prezident İlham Əliyev “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub

Prezident İlham Əliyev “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub
# 31 iyul 2012 13:42 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub. APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıb, hazır məhsulların nümunələri ilə tanış olub.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, müəssisənin yenidən qurulması işlərinə 2010-cu ilin dekabrında başlanıb, bu ilin iyulunda başa çatdırılıb. Cəlilabad şəhərində 45 hektar ərazidə köhnə tikililərdən ibarət quşçuluq fabrikinin yenidən qurulması Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcək. Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait sərf olunub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yenidənqurma işlərinə iki milyon manat güzəştli kredit verilib.

Azərbaycan Prezidenti “Cəlilabad Broyler” ASC-nin yeni inşa olunan yem istehsalat sahəsini işə salıb və yem zavodunun istehsal prosesini əks etdirən filmi izləyib.

Dövlət başçısına məlumat verilib ki, müasir avadanlıqla təchiz edilən bu istehsal sahəsi saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir.
Bildirilib ki, bir çox yeni sənaye müəssisələri kimi, Cəlilabad quşçuluq fabrikinin fəaliyyətə başlaması da Heydər Əliyevin adı ilə bağlıdır. Fabrikin inşasına 1967-ci ildə başlanılsa da 1968-ci ildə tikinti işləri dayandırılıb. Lakin 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müəssisənin tikintisi sürətləndirilib.

Məlumat verildi ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin illik istehsal gücü 6 min ton quş əti məhsullarıdır.

Dövlət başçısı respublikada mövcud və tikilməkdə olan quşçuluq təsərrüfatlarını əks etdirən stendlə də tanış olub. Bildirilib ki, respublikada 43 quşçuluq təsərrüfatı var. Bu təsərrüfatların ümumi istehsal gücü 65,2 min ton quş əti və 324,3 milyon yumurta təşkil edir. Dövlətin güzəştli krediti hesabına tikilmiş və tikilən 30 quşçuluq təsərrüfatına 55 milyon manat vəsait ayrılıb. Bunlardan 10-u istifadəyə verilib, digər 20-nin cari ildə açılması planlaşdırılır. Aparılan araşdırmalara əsasən, respublikada əlavə olaraq, sənaye üsulu ilə 11,2 min ton quş əti istehsal edəcək təsərrüfatların yaradılması təklif olunur.
Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR