BAXCP-də Avropa Parlamenti təmsilçiləri ilə görüş keçirilib

BAXCP-də Avropa Parlamenti təmsilçiləri ilə görüş keçirilib
# 03 noyabr 2012 09:38 (UTC +04:00)
Bakı-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi mənzil-qərargahında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ilə Avropa Parlamentindəki bütün siyasi qrupları təmsil edən millət vəkillərinin siyasi və iqtisadi məsələlər üzrə əsas köməkçiləri arasında görüş keçirilib. BAXCP-dən APA-ya verilən məlumata görə, görüşdə hər iki partiya sədri rəhbərlik etdikləri siyasi partiyaların fəaliyyəti və siyasi hədəfləri barədə qonaqlara məlumat veriblər.

Təxminən iki saata yaxın davam edən görüşdə BAXCP və BQP-nin təmsil olunduğu «İslahat» deputat blokunun hazırladığı «Konstitusiya islahatları» layihəsi, Azərbaycan-AB münasibətləri, Dağlıq Qarabağ problemi, demokratikləşmə prosesi, siyasi, hüquqi və iqtisadi islahatlar mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Avropa Parlamenti deputatlarının köməkçilərindən ibarət 14 nəfərlik nümayəndə heyəti Bakıya AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun dəvəti ilə gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR