Marneulidə “Qadınların ictimai-siyasi həyatda rolu” mövzusunda tədbir keçirilib

Marneulidə “Qadınların ictimai-siyasi həyatda rolu” mövzusunda tədbir keçirilib
# 18 may 2012 01:20 (UTC +04:00)
Gürcüstanda seçki ərəfəsində qadınların fəallığını artırmaq üçün monitorinq qrupu təşkil olunacaq.
Marneuli. Nizami Məmmədzadə-APA. Mayın 17-də Gürcüstanın Marneuli şəhərindəki Demokratik Məşğulluq Mərkəzində (MDM) “Qadınların ictimai-siyasi həyatda rolu” mövzusunda tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Azərbaycanlılarının Gənclər İttifaqının (GAGİ) və “Pedaqoqlar və psixoloqlar assosiyasiyası”nın təşkilatçılığı ilə baş tutan tədbirdə Gürcüstan Ombudsman aparatının, Kvemo-Kartli bölgə idarəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, donor təşkilatları, QHT və müxalifət partiyalarının nümayəndələri, gənclər və ziyalılar iştirak edib.
Tədbirdə “Pedaqoqlar və psixoloqlar assosiyasiyası”nın rəhbəri Nana Çopliani, GAGİ-nin sədri Leyla Məmmədova, Kvemo-Kartli bölgə idarəsinin şöbə müdiri Nino Basilaşvili, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat mərkəzinin rəhbəri Nərgiz Əliyeva, “Qaranquş” Uşaq Mərkəzinin rəhbəri Zemfira Əzizbəyova, “Mtredi” təşkilatının rəhbəri Səbinə Talıbova, Ombudsman aparatının nümayəndəsi Bela Osipova və başqaları çıxış edərək müasir şəraitdə qadınların ictimai-siyasi həyatda rolundan və azərbaycanlı qadınlara bölgə idarəsi tərəfindən diqqətin artırılmasından, azərbaycanlı və gürcü qadınların parlamentdə təmsil olunmamaqlarından, gənc qızların erkən evliliyindən, qadının ailədəki rolundan, işsizlikdən və nəhayət, qadınların cəmiyyətdə inkişafı üçün müəyyən zaman tələb olunduğundan söhbət açıblar. Tədbirdə müxalifət partiyaların nümayəndələri bildiriblər ki, Gürcüstanda seçki ərəfəsində qadınların fəallığını artırmaq üçün monitorinq qrupu təşkil olunacaq.
GAGİ-nin sədri Leyla Məmmədova APA-ya açıqlamasında son bir-iki il müddətində Gürcüstanda yaşayan azərbaycanlı qadınların getdikcə fəal mövqedən çıxış etdiyini bildirib. “Biz qadınlarımızın fəallığını artırmağa çalışmalıyıq. Xarici donor təşkilatları bu günkü mövzunu gündəmə gətirməkdə haqlıdır. Biz imkandan istifadə edib həyata keçirilən tədbirlərdə fəal olmalıyıq. Savadlı qadınlarımız çoxdur. Lakin bizim aktiv olmağımıza əngəl olan səbəblər var. Biz bu tədbirdə bu səbəbləri “Qadının səsi” layihəsini həyata keçirməklə araşdırdıq və yekunda qismən də olsa cavab tapa bildik. Bu layihə çərçivəsində biz Marneuli televiziyasında “Qadının səsi” televiziya verilişi təşkil etdik və bu verilişdə Gürcüstan dövlətinin yüksək vəzifəli gürcü qadınlarının və eyni zamanda azərbaycanlı qadınların dialoqunu təşkil etdik. Nəticə müsbət oldu. Biz 2 mindən artıq qadını tədbirlərimizdə iştirakını təmin etdik. Yüz mindən çox tamaşaçı bizim təşkil etdiyimiz verilişlərə baxdı. Biz Azərbaycan qadınının fəal və mübariz olduğunu təsdiq etdik.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR