Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun yaradılmasından 20 il ötür - FOTOSESSİYA

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun yaradılmasından 20 il ötür - <font color=red>FOTOSESSİYA</font>
# 10 oktyabr 2012 11:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. «APA-Economics»in məlumatı görə, tədbirdə çıxış edən Fondun sədri Səlim Müslümov vurğulayıb ki, DSMF-nin 20 illik inkişaf tarixi əsasən dörd mərhələni əhatə edir, bunlar 1992-1995-ci illər, 1996-2002-ci illər, 2003-2005-ci illər və 2006-cı ildən sonrakı dövrü əhatə edir.

S.Müslümov diqqətə çatdırıb ki, ölkədə sosial müdafiə sisteminin yenidən qurulması məqsədilə islahatların aparılmasında beynəlxalq standartların qəbul edilmiş beynəlxalq hüquq normalarının əsas götürülməsi nəticəsində 2006-cı ildən müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib. Azərbaycanın sığorta-pensiya sistemində üçpilləli pensiya təminatı müəyyənləşdirilib, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanıb. İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin yeni qaydalarla verilməsinə keçid, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılıb.

S.Müslümov vurğulayıb ki, aparılan islahatlar əmək pensiyalarının sürətli artımını təmin edib: «Əgər 2003-cü ildə Azərbaycanda sığorta-pensiya sistemində əvəzetmə əmsalı 23-25%-lə ifadə olunurdusa, bu gün sözügedən göstərici artıq 40% təşkil edir. Eyni zamanda, 2003-cü ilin əvvəlinə Azərbaycanda orta aylıq pensiyanın məbləği yeni manatla 20 manat olub. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%-ə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45%-ə çatıb».

Həmçinin bildirilib ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək DSMF-nin xərcləri 4,4 dəfə artaraq 2,5 mlrd. manata, sosial sığorta ödəyicisi olan sığorta olunanların sayı 1 300 min nəfərdən 2 100 min nəfərə çatıb, sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilib. Əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanıb. Ötən ilin iyulun 1-dən bu istiqamətdə islahatların sonuncu mərhələsi başlayıb və həmin insanların pensiyalarının əvvəlki sistemin fəaliyyəti dövründəki iş stajları əsasında yenidən hesablanması nəticəsində ortalama 40% artırılıb. Bu islahat tədbirinin illik maliyyə tutumu 500 mln. dollardan çox olub.

S.Müslümov bəyan edib ki, Fondun yaxın dövr üçün olan prioritetlərdən biri tam maliyyə dayanıqlığını əldə etməkdir ki, bu da pensiyaların artırılmasına birbaşa təsir edəcək. Bundan əlavə Fondun sədri bildirib ki, digər dövlət qurumları ilə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində də işlər aparılır ki, bu da DSMF-yə daxilolmaları artıracaq.

Tədbirdə həmçinin parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Hesablama Palatasının sədri Heydər Əsədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və vergilər nazirinin müavini Sahib Ələkbərov çıxış ediblər və pensiya-sosial sığorta sistemində aparılan islahatlar zamanı əldə olunmuş nəticələr barədə danışıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR