“Azərsu” texniki işçilərin işə qəbulunu elan edib

“Azərsu” texniki işçilərin işə qəbulunu elan edib
# 07 iyun 2012 15:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC respublikanın bölgələrində texniki işçilərin işə qəbulunu elan edib.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, “Azərsu” ASC Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naftalan, Bərdə, Yevlax, Xızı və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir.

Bu kateqoriyadan olan işçilər tikinti-quraşdırma işlərinə gündəlik texniki nəzarət edir, bu zaman qarşıya çıxa biləcək problemlərlə əlaqədar akt tərtib edərək sifarişçini müvafiq şəkildə məlumatlandırır, podratçı tərəfindən görülmüş tikinti-quraşdırma işlərinin bağlanmış müqavilələrin texniki tələblərinə və layihəyə uyğunluğunu yoxlayır və ortaya çıxa biləcək qüsurlarla bağlı texniki rəy verir.

Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili və bu sahədə minimum 2 il iş təcrübəsi olmalıdır. Namizədlər inşaat norma və qaydalarını, tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.

Müsabiqə zamanı adıçəkilən şəhərlərdə yaşayanlara və ingilis dilini bilənlərə üstünlük veriləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-49-77
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR