Azərbaycan prezidenti akademik Midhət Abasovun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan prezidenti akademik Midhət Abasovun vəfatı ilə bağlı başsağlığı verib
# 25 aprel 2012 10:44 (UTC +04:00)
APA-nın məlumatına görə, nekroloqda Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verdiyi bildirilir:
“Tanınmış alim, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Midhət Teymur oğlu Abasov 2012-ci il aprelin 23-də ömrünün 86-cı ilində vəfat edib.
Midhət Abasov 1926-cı il iyulun 31-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1943–1949-cu illərdə ali təhsilini Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb, 1949–1952-ci illərdə isə həmin institutun aspiranturasında oxuyub. Əmək fəaliyyətinə 1949-cu ildə “Azneft” İstehsalat Birliyinin Qaradağ Neft Trestində mədən ustası kimi başlayan Midhət Abasov 1952–1953-cü illərdə Azərbaycan Sənaye İnstitutunda assistent, 1953–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasında neft ekspedisiyasının yeraltı hidrodinamika laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi, rəis müavini və laboratoriya rəhbəri, 1958–1960-cı illərdə isə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutunda laboratoriya rəisi işləyib. O, 1960-cı ildən etibarən elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, burada 2003-cü ilədək Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrini tutub, 2003-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun baş elmi işçisi olub.
Midhət Abasov 1976–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin akademik-katibi, 1990–1997-ci illərdə Akademiyanın vitse-prezidenti vəzifələrində çalışıb. O, 1989-cu ildə 12-ci çağırış SSRİ Ali Sovetinə xalq deputatı seçilib, 1991–1992-ci illərdə isə Azərbaycan Respublikasının dövlət katibi işləyib.
Midhət Abasov 1953-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Midhət Abasov 650-dən artıq elmi məqalənin, 16 monoqrafiyanın müəllifidir. O, bir sıra beynəlxalq elmi forum, konfrans və simpoziumlarda iştirak edib. Alimin rəhbərliyi ilə 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanıb.
Tanınmış alim Midhət Teymur oğlu Abasovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!”
Nektorloqu Azərbaycan prezidenti ilə yanaşı baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, AMEA prezidenti Mahmud Kərimov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadə, AMEA Geologiya İnstitutunun direktoru Akif Əlizadə, AMEA Geologiya Institutunun direktor müavini Ibrahim Quliyev və akademik Tofiq Nağıyev imzalayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR