Bank Of Baku

Bakı-Tiflis-Qars layihəsi çərçivəsində Marabda-Axalkələk dəmir yolu sahəsinin yenidən qurulması ilə bağlı İşçi Layihə geri qaytarılıb

Bakı-Tiflis-Qars layihəsi çərçivəsində Marabda-Axalkələk dəmir yolu sahəsinin yenidən qurulması ilə bağlı İşçi Layihə geri qaytarılıb
# 25 iyul 2008 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində uzunluğu 160 km olan mövcud Marabda-Axalkələk dəmir yolu sahəsinin yenidən qurulması ilə bağlı Kiyev Layihə İnstitutunun təqdim etdiyi İşçi Layihə
Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən müzakirə olunaraq yenidən işlənilməsi üçün geri qaytarılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) baş mühəndisi Qurban Nəzirov məlumat verib. Q. Nəzirovun sözlərinə görə, layihəni müzakirə edən tərəflər irad və təkliflərinin layihədə nəzərə alınmasının vacibliyini qeyd ediblər. İşçi Layihədə yol təsərrüfatı, rabitə və işarəvermə, elektrikləşdirmə və s. məsələlər öz əksini tapıb.
Q. Nəzirovun sözlərinə görə, Kiyev Layihə İnstitutunun təqdim etdiyi işçi Layihədə göstərilən işlərin qiyməti nəzərdə tutulandan təxminən iki dəfə fərqlənir. ADDY rəsmisi bildirib ki, bu da əsasən dünya bazarında qiymətlərin bahalaşması ilə əlaqədardır və layihədə hamısı əsaslandırılıb. Kiyev Layihə İnstitutunun layihəsi mütəxəssislər tərəfindən bəyəniləndən sonra Koordinasiya Şurasının müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinə 2007-ci il noyabrın 21-də, Türkiyə ərazisində isə bu il iyulun 24-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR