Bank Of Baku

Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları rəhbərlərinin bu ilin sentyabrında Bakıda görüşü keçiriləcək

Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları rəhbərlərinin bu ilin sentyabrında Bakıda görüşü keçiriləcək
# 13 avqust 2008 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Bakıda Azərbaycan, Rusiya və İran dəmir yolu administrasiyaları rəhbərlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Azərbaycan Dövlət Dəmir Yolundan (ADDY) «APA-Economics»ə verilən məlumata görə, görüşdə dəmir yollarının rəhbərləri Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə işçi qrupları tərəfindən görülən işlər, hazırlanmış sənədlərlə tanış olacaqlar.

Görüşdə, həmçinin «Rusiya Dəmir Yolları» ASC-nin işlərin sürətləndirilməsi üçün layihə ilə bağlı təqdim etdiyi «Birgə əməkdaşlıq konsepsiyası»nın biznes-planına baxılacaq. İclas çərçivəsində dəmir yolunun tikintisini və istismarını həyata keçirəcək konsorsiumun yaradılması məsələsi də müzakirə olunacaq. Sonuncu məsələyə dair qərarın qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.

Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR