Bank Of Baku

Azərbaycan paytaxtının ilkin mənzil bazarında orta qiymət avqustda 0,8% artıb

Azərbaycan paytaxtının ilkin mənzil bazarında orta qiymət avqustda 0,8% artıb
# 15 sentyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Bakı şəhəri üzrə ilkin satış üçün təklif olunmuş mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 0,8% artaraq 1177,6 dollar/1 kv. metrdən 1187 dollar/1 kv. metrə çatıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 3,6 bənd artaraq 450,3 bənd səviyyəsində qərarlaşıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi iyul ayındakı 119,7 kv. m-dən 119,9 kv. m-ə (0,2%) qədər artıb. Orta blok və mərtəbə göstəricisi əvvəlki ay olduğu kimi - 2,3 blok və 15,1 mərtəbə olub.
Avqust ayında rayonlar üzrə qiymət artımı aşağıdakı şəkildə olub: Sabunçu - 12,9%, Nizami - 3,5%, Yasamal - 4,3%, Xətai - 0,6%, Nərimanov - 2,4 %, Nəsimi - 0,7%. Digər rayonlar üzrə qiymətlərdə sabitlik müşahidə edilib.
Yeni tikililərdə 3 otaqlı mənzillər üstünlük təşkil edib. Beş otaqlı mənzillər əsasən şəhərin I zonası, 1 otaqlı mənzillər isə daha çox III zonasının payına düşüb. Avqust ayında 1 otaqlı mənzillərin orta sahəsi 60,0 (keçən ay - 58,6) kv. m, iki otaqlılarınkı 92,8 kv. m, 3 otaqlılarınkı 135,5 (keçən ay 133,4) kv. m, 4 otaqlılarınkı 183,2 (keçən ay 180,8) kv. m, 5 otaqlılarınkı isə 234,4 (keçən ay 257,9) kv. m təşkil edib.
Avqust ayında 1, 3 və 4 otaqlı mənzillərin orta sahəsinin iyul ayına nisbətən bir qədər artdığı müəyyən edilib, 5 otaqlı mənzillərdə orta sahə ölçüsü azalıb, 2 otaqlı mənzillər üzrə hər hansı dəyişiklik baş verməyib.
Avqust ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikililərin sayı iyul ayına nisbətən bir qədər azalaraq 550 ədəd təşkil edib. Ay ərzində 16 binanın inşa prosesi tamamlanıb. Yeni tikilən binaların inşasını 207 tikinti təşkilatı həyata keçirir.
Avqust ayında ən çox yeni tikili Yasamal rayonu ərazisində aparılıb. Nəsimi rayonu 2-ci, Xətai rayonu isə 3-cü pillədəki yerini qorumaqdadır. Bu üç rayonda yeni tikililərin ümumi tikinti portfelindəki payı 66,7% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR