Bank Of Baku

Bu gün Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

Bu gün Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
# 16 sentyabr 2008 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı şəhərində Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının dördüncü toplantısı keçirilib. «APA-Economics»in məlumatına görə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında keçirilən iclasda Şurada təmsil olunan Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı Gürcüstanın müvafiq strukturlarının rəhbərləri və podratçı «Azərinşaatservis» şirkətinin nümayəndələri iştirak ediblər.
Şuranın iclasında BTQ dəmir yolunun Marabda-Kartsaxi hissəsində görülən işlər, 2008-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib, Ukraynanın «Kiyevhiprotrans» Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanmış Marabda-Tetriskaro yolunun (29,2 km) yenidən qurulması üzrə İşçi Layihəyə, həmçinin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-nin təqdim etdiyi bir sıra texniki məsələlərə baxılıb.
Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov «APA-Economics»ə bildirib ki, Gürcüstan tərəfi BTQ-nin bu ölkə ərazisinə düşən hissəsinin tikintisi və yenidən qurulmasını 3, Azərbaycan isə 2 mərhələdə həyata keçirməyi təklif edir. Gürcülərin təqdim etdiyi birinci mərhələyə Marabda-Tetriskaro hissəsi (29,2 km), ikinci mərhələyə Tetriskaro-Salka hissəsi (49,7 km), üçüncü mərhələyə isə Salka-Axalkələk hissəsi (74,1 km) daxildir.
«Ümumilikdə hesab edirik ki, dəmir yolunun tikintisi qrafikə uyğun həyata keçiriləcək. Artıq ərazidə müəyyən işlər aparılıb. Mahiyyət etibarı ilə gürcülər tikinti-rekonstruksiya işlərinin iki mərhələdə həyata keçirilməsi ilə bağlı bizim təkliflərimizlə razıdır»,- deyə S.Məmmədov vurğulayıb.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR