Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsi 2011-ci ildə tam hazır olacaq

Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsi 2011-ci ildə tam hazır olacaq
# 16 sentyabr 2008 13:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin Gürcüstan hissəsinin podratçısı olan Azərbaycanın «Azerinşaatservis» şirkəti tikinti işlərini qrafikə uyğun olaraq 2011-ci ilin ortalarınadək yekunlaşdıracaq. «APA-Economics»in məlumatına görə, bunu «Azerinşaatservis» şirkətinin layihə meneceri Savaş Yenituran bildirib.
S.Yenituranın sözlərinə görə, artıq şirkət dəmir yolunun torpaq yatağının 30%-nin hazırlanmasını başa çatdırıb. Yolun tikintisində istifadə olunacaq şpal və relslərin bir hissəsi Azərbaycana gətirilib. Layihə tam şəkildə təsdiqlənəndən sonra tikinti materialları əraziyə daşınacaq.
Yeni dəmir yolunun tikintisi layihəsini «Azerinşaatservis» şirkətinin tərkibində fəaliyyət göstərən «Aksa» şirkəti hazırlayır.
S.Yenituran bildirib ki, Gürcüstanda hərbi əməliyyatlar başlayandan sonra avqustun 11-dən dəmir yolunun tikintisi işləri dayandırılıb. Azərbaycanlı mütəxəssislər müvəqqəti olaraq geri qayıdıb və sentyabrın 8-dən işlər bərpa olunub.
Şirkət nümayəndəsi tikinti işlərində əsasən azərbaycanlıların və gürcülərin çalışdığını qeyd edib. Onun sözlərinə görə, tikintidə eyni zamanda türklər və Gürcüstan ərazisində yaşayan ermənilər də var.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR