Bank Of Baku

Asiya İnkişaf Bankının su missiyası bu həftə Azərbaycana gələcək

Asiya İnkişaf Bankının su missiyası bu həftə Azərbaycana gələcək
# 06 oktyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 8-də Asiya İnkişaf Bankının (AİB) su missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən bildirilib.
«Missiyaya AİB-in şəhərlərin inkişafı üzrə baş mütəxəssisi Şakil Xan (Shakeel Khan) başçılıq edəcək. Səfər çərçivəsində AİB və Azərbaycan hökuməti arasında hazırda respublikada icra olunan «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» üzrə müzakirələr aparılacaq. Həmçinin, layihəyə daha üç şəhərin əlavə olunması məsələsinə baxılacaq», - deyə nümayəndəlikdən bildirilib.
AİB-in nümayəndə heyətinə həmçinin Bankın şəhərlərin inkişafı üzrə mütəxəssisi Vicay Padmanabxan da (Vijay Padmanabhan) daxildir.
Qeyd edək ki, layihənin məqsədi Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastruktur qurulması və bərpası və institusional islahatlar və maddi texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.
Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsində Ağdaşda və Göyçayda 6 buruq quyusundan ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı su paylama sistemini yeni borularla (təxminən 100 km) əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq 6 hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi daxildir.
Naxçıvannda isə, infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsi ilə paylama sisteminə birləşdirilməsi nəzərdə tutulur.
Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək.
Bundan başqa, 120 km uzunluqda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq.
Xatırladaq ki, AİB «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində Azərbaycan hökumətinə 30 mln. ABŞ dolları həcmində kredit ayırıb. Vəsait layihə üçün nəzərdə tutulan ləvazimatlar, işlər, əlaqədar xidmətlər və konsaltinq xidmətlərinə yönəldiləcək.
Azərbaycanla AİB arasında «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin icrasına dair razılaşma sənədi 2005-ci ilin noyabr ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR