Bank Of Baku

Azərbaycan paytaxtında nəqliyyatın intellektual idarə edilməsi sisteminin detal layihəsi ilin sonunadək hazır olacaq

Azərbaycan paytaxtında nəqliyyatın intellektual idarə edilməsi sisteminin detal layihəsi ilin sonunadək hazır olacaq
# 18 noyabr 2008 12:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın sonunadək «Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Sistemi»nin detal layihəsi razılaşdırılacaq. Gələn ilin əvvəlində isə Sistemin inzibati binasının tikintisinə və komponentlərin yerləşdirilməsinə başlamaq planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda səfərdə olan 25 koreyalı mütəxəssis Bakı şəhərinin nəqliyyat sistemi ilə tanış olur və bunun əsasında layihə üzrə iş aparırlar.
Qeyd edək ki, «Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Sistemi»nin yaradılmasına dair Koreyanın «SK C&C» şirkəti ilə müqavilə cari ilin may ayında imzalanıb.
Sistem Bakı şəhərinin Mətbuat prospekti, Zərdabi küçəsi, 20 Yanvar meydanı, Cəfərov, A.Mustafayev, Z.Bunyadov, Böyük-Şor küçələri, «Əzizbəyov» metro stansiyası dairəsi, Q.Qarayev prospekti, M.Hadi, Sadıxcan, Əbilov küçələri, Nobel prospekti, A.Cəlilov, Ü.Hacıbəyov küçələri, Neftçilər prospekti, M.Hüseynov, Q.Abbasov küçələri, Səbail meydanı, Ə.Yaqubov küçəsi, Salyan şosesi 20-ci sahə, Badamdar şosesi Badamdar qəsəbəsi, Badamdar şosesi M.Müşfiq küçəsi, Mətbuat prospekti, Bakı şəhərinin mərkəzini onun ətraf hissələri ilə birləşdirən istiqamətlər üzrə Xırdalan dairəsi, Sumqayıt şosesi 20 Yanvar meydanı, Tiflis prospekti, Bakıxanov küçəsi, Azadlıq prospekti, Binəqədi şosesi - Binəqədi qəsəbəsi, M.Əzizbəyov dairəsi – Böyük Şor şosesi, Mərdəkan şosesi, Buzovna dairəsi, Babək prospekti, Yeni Günəşli – «A-B» və «D» yaşayış massivləri, Atəşgah dairəsi, Bakıxanov küçəsi, Mehmandarov küçəsi, Gənclik küçəsi, Qaraçuxur dairəsi – Yeni Günəşli, Ukrayna meydanı, Neapol dairəsi, Q.Yəhya küçəsi, İ.İsmaylov küçəsi və Zığ şosesini əhatə edəcək.
Layihə çərçivəsində bütün yollarda elektron-optik müşahidə cihazları quraşdırılacaq. Birinci mərhələdə sistemin əhatə etdiyi ərazidə 20 elektron informasiya tablosu, 77 video-aşkarlayıcı, 30 ədəd qanunsuz parklanmaya nəzarət tənzimləyicisi, 55 müşahidə kamerası və 546 ədəd aşkarlayıcı halqa quraşdırılacaq. Layihənin 2 il müddətində həyata keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR